Respublikamızın müxtəlif şəhərləri və rayon mərkəzləri ilə yanaşı kəndlərin də qazlaşması həyata keçirilir. Bu baxımdan Samux rayonunun Alabaşlı qəsəbəsi mavi yanacaqla təmin edilir. Görülən işlər çərçivəsində qəsəbə sakinləri bu il qışın soyuğunda qazdan istifadə edə biləcəklər.
Sakin: "Bizdə qışda çox çətinlik olur, qazımız olmur. Odunla evi qızdırmağa məcbursan, onda da meyvə ağaclarını kəsirik. Evdə körpə uşaq var. Qış da çox soyuq keçir. Ona görə də bizim kəndin qazını bərpa etsinlər".
Samuxun Alabaşlı qəsəbəsi rayon mərkəzindən təxminən 20 km aralıda yerləşir. Qəsəbənin bir hissəsinin sakinləri zəif, tez-tez sönən və qışda yanmayan mavi yanacaqdan çətinliklə istifadə etsələr də, bir hissəsinin sakinləri ümumiyyətlə qaz üzünə həsrətdirlər. Sakinlər mavi yanacağın olmamasından əziyyət çəkirlər. Bunun üçün qışda alternativ vasitələrdən istifadə etmək məcburiyyətindədirlər.
Samux rayon Alabaşlı qəsəbə sakinlərinin evlərinin qarşısında öz həyətlərindən kəsilmiş meyvə ağaclarının odunlarını, eləcə də çırpılarını görmək mümkündür. Qazın olmamasından əziyyət çəkən sakinlər, qışda öz evlərini isitmək üçün bu odunlardan, eləcə də çırpılardan istifadə edirlər.
Sakinlərin yaşadıqları bu problemlərin həllinə başlanılıb. "Azəriqaz" İstehsalat Birliyi tərəfindən qəsəbənin mavi yanacaq olmayan yerlərinə qaz xətti çəkilir. Həmçinin qəsəbədə köhnə, yararsız qaz xəttləri də yenilənir. Görülən işlər çərçivəsində Gəncə Regional Qaz İstismarı İdarəsinin Təmir-Tikinti şöbəsinin işçiləri ümimi uzunluğu 1000 metr olan müxtəlif diametrli qaz xətti çəkib. Qaz xəttinin tənzimlənməsi üçün siyirtmələr də qoyulub və işlər hazırda sürətlə davam edir. Təxminən 1500-ə yaxın ailənin yaşadığı qəsəbədə qazın çəkilişi gələn ayın ortalarına kimi başa çatacaq. Qışda mavi yanacaqdan istifadə edə biləcək sakinlər görülən bu işdən çox razıdırlar. Bununla paralel olaraq Samuxun İnstitut qəsəbəsinə, eləcə də Bağbanlar, Lək, Qiyaslı kəndlərinə də mavi yanacaq çəkilib. Bundan başqa mərhələli şəkildə mavi yanacağı olmayan Qaraarx qəsəbəsi, Sarıqamış kəndinə və digər ərazilərə də mavi yanacaq xətləri çəkiləcək.
Elnur Vahidoğlu
- Baxış: 461