• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 949
— 16.08.2023 20:15

İsti hava kənd təsərrüfatına zərər verir

KepezTV Player

Havalar nə qədər iqlim normasına uyğun keçərsə, kənd təsərrüfatı məhsulları da bir o qədər bol olar. Hazırda avqust ayının ikinci ongünlüyündə havaların anormal isti keçməsi fermerləri ciddi narahat edir. Sahələrdə məhsulun yığıldığı bir vaxtda bu cür hava şəraiti fermerlərin bol məhsul əldə etmə ümidinə kölgə salır.
Son günlər respublika ərazisində havanın həddindən artıq isti keçməsi, yüksək temperatur kənd təsərrüfatına təsirsiz ötüşməyib. Kənd təsərrüfatı üzrə mütəxəssis Hüseyn İdrisovun sözlərinə görə, belə hava kənd təsərrüfatı bitkilərinə bəzi xəstəliklərin düşməsinə səbəb olur və nəticədə məhsuldarlığın keyfiyyəti aşağı düşür.

Havanın davamlı isti keçməsi nəticəsində kənd təsərrüfatı sahələrinə ciddi ziyan dəyir. Çörəyini torpaqdan çıxaran kəndli, min bir əziyyətlə əkib-becərdiyi əkin sahələrində məhsuldarlığın aşağı düşəcəyindən ehtiyat edir.

Fermer: "Məhsulu qorumaq üçün gərək dərmanlardan istifadə olunsun, o da ki, dərmanlar bahaçılıqdır, gücümüz çatıb, ala bilmirik".

Mütəxəssislər fermerlərə, məhsullarına gün yanığı kimi xəstəliklərin düşməməsi üçün bəzi qabaqlayıcı tədbirlərin görülməsinin zəruri olduğunu vurğulayır.

Hüseyn İdrisov- mütəxəssis: "Gün ərzində suvarmaya qəti şəkildə getməsinlər. Səhər suvarmasını da məsləhət görmürəm, ona görə ki, saat 7-dən 8-dən sonra temperatur artıq 30 dərəcəni keçir". 

Havanın quraq və isti keçməsi müəyyən çətinlik yaratsa da, təcrübəli fermerlər qabaqlayıcı tədbirlər görərək məhsula dəymiş ziyanı tədricən azaltmağa müvəffəq olublar. Məhsulun sağlam və keyfiyyətli olmasını təmin edən dərman preparatlarından və bir sıra tədbirlərdən vaxtında istifadə, günvurmadan dəyən ziyanı nisbətən azalda bilər. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə isə havaların isti keçməsi bu ayın sonuna qədər davam edəcək.