Azərbaycanda akkreditə olunmuş hərbi attaşelər erməni hərbçilərin qanunsuz fəaliyyətləri barədə məlumatlandırılıb. Bildirilib ki, Laçın yolunun qanunsuz hərbi daşımalar üçün istifadəsi yolverilməzdir. Azərbaycan tərəfinin alternativ olaraq təklif etdiyi Ağdam-Xankəndi yolu zəruri yüklərin Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərə vaxtında çatdırılmasını, eləcə də onların Azərbaycana reinteqrasiyasını daha da sürətləndirəcək. Həmçinin Ermənistan tərəfinin yeni təxribatlara hazırlıq məqsədilə Qarabağ iqtisadi rayonunda qeyri-qanuni silahlı birləşmələrin döyüş mövqelərini gücləndirməsi, eləcə də bir neçə yaşayış məntəqəsində müxtəlif təyinatlı döyüş texnikası, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirməklə mülki əhalini kütləvi şəkildə silahlandırması faktları qeydə alınıb. Təhrikçi fəaliyyətlərin Ermənistanın Azərbaycanla şərti sərhədi istiqamətində döyüş texnikası və artilleriya qurğularını cəmləşdirməsi ilə müşayiət edilməsinin bölgədə gərginliyin artmasına səbəb olduğu diqqətə çatdırılıb. Öz qanunsuz əməllərinə don geyindirmək məqsədilə Avropa İttifaqının Ermənistandakı missiyasını da alət etməyə çalışan qarşı tərəfin fəaliyyətlərinin beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmaq məqsədi daşıdığı və yolverilməz olduğu xüsusi vurğulanıb.
- Baxış: 285