• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1670
— 14.08.2023 20:16

“İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?”

KepezTV Player

Avqust ayının 16-dan 28-dək Dövlət İmtahan Mərkəzi tərəfindən respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanlarının ixtisas seçimi mərhələsi başlayır. Bunun üçün abituriyentlərin köməyinə Abituriyent 4 jurnalı və “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” kitabçası çatacaq.

“Abituriyent-4” jurnalının bu nömrəsində 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib. II və III ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlər üçün isə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçada imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar dərc edilib.

Nəsimi Məmmədov- DİM-in Gəncə Regional Bölməsinin müdiri: "Hər il olduğu kimi, bu il də bilirsiniz ki, DİM tərəfindən abituriyentlərin ixtisas seçimi zamanı nələrə diqqət yetirməli olduğu bir zamanda, artıq abituriyentlər üçün ən vacib mərhələ ixtisas seçimidir və abituriyentlərə müraciət edirik ki, ixtisas seçimi zamanı diqqətli olmalıdırlar. Onlar xüsusən DİM – in nəşr etdiyi jurnallardan istifadə etməlidirlər. Bilirsiniz, jurnallarda müsabiqə şərtləri var və müsabiqə şərtləri də bəzi universitetlərdə fərqli qaydada həyata keçirilir. Ümumi 200 baldan artıq toplayıbsa həmin abituriyentlər 200 baldan artıq müsabiqə şərtləri olan ixtisaslarda iştrak etmək hüququ vardır və həmin abituriyentlər hətta 150 ballıq yerlərin ixtisas seçimində iştrak etmək hüququ vardır və bununla bağlı məlumatlar Abituriyent 4 jurnalında vardır".

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, hər il sənəd qəbulu ərəfəsində abituriyentlərə dəstək məqsədilə yaradılan məsləhət mərkəzləri bu il ilk dəfə Gəncədə ADAU-də fəaliyyət göstərəcək.

Nəsimi Məmmədov- DİM-in Gəncə Regional Bölməsinin müdiri: "DİM-in abituriyentlərin ucqar rayonlarda, ətraf rayonlarda yaşayan abituriyentlərin ixtisas seçiminin daha rahat şəkildə həyata keçirilməsi üçün səyyar məsləhət mərkəzləri yaradılıb. Artıq yaxın günlərdə DİM-in rəsmi internet səhifəsində həmin rayonlar üzrə hansı günlərdə iştirakı qrafiki yerləşdiriləcək və bu qrafikə uyğun olaraq həmin rayonlarda DİM-in nümayəndələri məsləhət mərkəzlərində abituriyentlərin ixtisas seçimində köməklik göstərəcək".

“Abituriyent 4” jurnalını və “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçanı həm Azərbaycan, həm də rus bölməsi üzrə 16 avqust tarixindən əldə etmək mümkün olacaq.