• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1162
— 08.08.2023 20:04

Hava ilə bağlı xəbərdarlıq edilib

KepezTV Player

Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, respublika ərazisində isti hava şəraitinin yaxın günlər ərzində davam edəcəyi, temperaturun bəzi yerlərdə 42-44°-dək artacağı gözlənilir. Fövqəladə Hallar Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi və Səhiyyə Nazirliyi bununla bağlı əhaliyə müraciət edərək təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır. Mütəxəssislər də belə hava şəraitində günvurma təhlükəsindən qorunmaq üçün açıq havada çox qalmamağı tövsiyə edirlər.
Havanın yüksək hərarəti bəzən orqanizmdə müəyyən fəsadlara, o cümlədən günvurmaya səbəb olur. Günvurma ətraf mühitin təsiri nəticəsində bədən hərarətinin həddindən artıq qızması və kəskin ağır vəziyyətin yaranmasıdır. Xüsusilə uşaqlarda, yeniyetmələrdə və qocalarda baş verən bu hal havanın temperaturu 30- 35 dərəcənin üstündə olduqda daha çox müşahidə olunur.

Yüksəl Hüseynli- həkim: "Günvurma günəş şüalarının birbaşa başımıza vurması nəticəsində bədəndə - qan-damar sistemimizdə əmələ gələn dəyişikliklərdir. Xüsusilə körpə uşaqlar, hamilələr, yaşlılar və qan-damar sistemi problemi olanlar daha çox risk qrupuna daxildirlər. Yüngül forma olduqda halsızlıq, zəiflik, susuzluq hissi, gözdə qaralma, ürək döyüntülərinin artması, baş ağrılarının əmələ gəlməsi ilə özünü göstərir. Orta və ağır formalarda isə burun qanaxmalarının əmələ gəlməsi, arterial təzyiqin əmələ gəlməsidir. Ürəkbulanma və qusma hallarının baş verməsi və daha ağır hallarda isə koma, qıcolma, kəskin başağrılar və hətta ölümlə nəticələnə bilər".

Həkimlər deyir ki, günün saat 11-17 aralığında günəş altında mümkün qədər az olaraq, aktiv şüalardan qaçmaq lazımdır. Günvurma fiziki işlə məşğul olan insanlarda daha çox rast gəlinir.

Yüksəl Hüseynli- həkim: "İlk yardım olaraq biz bu xəstələrə əgər günvurma əlamətlərinə rast gəliriksə, kölgə, sərin yerə keçirmək, bədəndə olan dar və qalın paltarların çıxarılması, sinə, baş nahiyəsinə sərin kompreslərin qoyulması, xəstənin huşu aydındırsa bol maye içirmək lazımdır. Risk qrupunda olan şəxslərə və ya huşu aydın olmayan şəxslərə isə su və ya başqa nəyinsə edilməsi məsləhət görülmür. Birbaşa təcili yardıma müraciət etmələri məsləhət görülür".

Həmçinin, günvurma təhlükəsindən qorunmaq üçün yüksək temperaturlu günlərdə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, qoruyucu eynək və şapkalar taxmaq, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur.