Türkiyədə rəsmi səfər çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovla Türkiyə xarici işlər naziri Hakan Fidan arasında təkbətək və geniştərkibli görüşlər keçirilib. Azərbaycan və Türkiyənin çoxşaxəli əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə edilib. Ceyhun Bayramov və Hakan Fidan birgə mətbuat konfransında Azərbaycan və Türkiyənin Ermənistanla münasibətlərindən, Avropadakı enerji böhranından, eləcə də son günlər bir neçə ölkədə "Qurani-Kərim”in yandırılmasına İslam ölkələrinin mövqe bildirməməsindən danışıblar.
Azərbaycan və Türkiyənin Ermənistanla münasibətlərin normallaşması istiqamətindəki səyləri göz qabağındadır. İrəvanının uzun illər aparıdığı işğalçılıq siyasəti isə kommunikasiyaların açılması, münasibətlərin yaxınlaşması məsələlərinə mane törədir. Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəli həmkarı Hakan Fidan ilə birgə mətbuat konfransında üç tərəfli əlaqələrdən danışıb. Vurğulayıb ki, Azərbaycan regionda müharibə və münaqişələrdən uzaq mühit qurulması istiqamətində istəyini bildirsə də, Ermənistanın mövqeyi şübhə doğurur.
Ceyhun Bayramov- Xarici işlər naziri: “Azərbaycan ermənistanla sülh müqaviləsi üzərində çalışmağa hazırdır. Bu, qalib dövlətin və qalib liderin atdığı addım idi. Eyni zamanda, Azərbaycan Türkiyə və Ermənistan arasında normallaşma prosesini də dəstəklədi. Azərbaycan bu bölgənin müharibələrdən uzaq bölgə olma istəyini ortaya qoyub”.
Türkiyə xarici işlər naziri Hakan Fidan isə Laçın yolu ətrafında hadisələrə münasibət bildirib. Türkiyəli nazirin sözlərinə görə, Laçın yolu ilə bağlı Azərbaycana qarşı iddiaların əsası yoxdur. O, həmçinin beynəlxalq aləmi Azərbaycanla Ermənistan arasında danışıqlara mane olmamağa çağırıb.
Hakan Fidan- Türkiyənin xarici işlər naziri: “Tibbi keçid təmin edilir, humanitar yardımlar təmin edilir. Laçın yolu Azərbaycan torpağıdır və Azərbaycan hansı tədbiri istəsə, Laçında həyata keçirə bilər”.
Avropanın enerji təhlükəsizliyi ilə bağlı məsələyə toxunan Hakan Fidan, qışda Avropada qazla bağlı yenidən böhran olma ehtimalından danışdı. Azərbaycanla əlavə qaz həcmi ilə bağlı danışıqların aparıldığını deyən nazir Türkiyənin öz enerji təhlükəsizliyini gücləndirməklə Avropanın enerji təhlükəsizliyinə də dəstək verməyə davam edəcəyini bildirib.
Nazirlər həmçinin bir neçə ölkədə “Qurani-Kərim”in silsilə şəkildə yandırılması hallarından da danışıblar. Bildirilib ki, ölkələrin bu halları insan hüquqları və söz azadlığı ilə əlaqələndirməsi tamamilə yersizdir. İslam dövlətləri Qurana qarşı hücumlarla bağlı ortaq mövqe sərgiləməlidir.
Fərid Mehdiyev
- Baxış: 402