Laçın sərhəd-keçid məntəqəsində saxlanılan Xocalının Meşəli kəndində törədilən qətliamda əli olan Vaqif Xaçaturyan haqda onunla yaxınlığı olan Xocalı sakini, eləcə də faciənin şahidləri televiziyamıza danışıblar. Qarşıdakı süjetdə insan cəlladının Meşəlidəki insanlıq əleyhinə əməllərindən xəbərdar olacaqsınız.
Vəliəddin Salmanovun gənc yaşlarında Vaqif Xaçaturyanla tanışlığı olub. Amma Meşəli kənd sakininin bu qaniçənlə münasibətləri heç də xoş olmayıb. Avtobazada birlikdə işlədikləri vaxtdan elə aralarında mübahisələr yaranıb, hətta ona görə erməni dostu Vaqiflə əlbəyaxa da olub.
Vəliəddin Salmanov efirdə görən kimi Vaqifi tanıdığını, sərhədçilərimizin onu cinayət əməlinə görə saxladığı üçün sevindiyini deyib.
Xocalı sakini Vaqif Xaçaturyanın ermənilərə xas olan xislətindən də danışıb.
Meşəli sakinləri yalnız Vaqif Xaçaturyanın deyil, eləcə də onun atası, qardaşı və dayısının da milliyətçi olduğunu, azərbaycanlılara qarşı nifrət hissi bəslədiklərini deyiblər.
1991-ci ilin 23 dekabrında baş verən Meşəli faciəsinin canlı şahidləri həmin hadisəni ürək yanğısı ilə xatırlayırlar. Qətliamda əlini günahsız insanların qanına batıran Vaqif Xaçaturyanın saxlanması isə onlara az da olsa təsəlli verib.
Meşəli qətliamı zamanı erməni qəsbkarları tərəfindən 28 nəfər qətlə yetirilib, 14 nəfər isə yaralanıb. İndi kəndin sakinləri Vaqif Xaçaturyan kimi yaxınlarının canına qıyan digər cinayətkarların da tutularaq cəzalanacaqlarını səbizsizliklə gözləyirlər.
Orxan Cəfərzadə
- Baxış: 407