2023- 2024-cü tədris ili üçün bağçalara uşaqların qəbulu davam edir. Elektron formada aparılan prosesdə sabahdan bağça seçimi başlayır. Əməkdaşımız Gəncədə bağçalara müraciətin nə yerdə olduğu ilə maraqlanıb.
Elektron kabinetin yaradılması üçün qəbul sisteminə giriş 25 iyul tarixindən aktivləşdirilib. Avqustun 1-dən isə bağça seçiminə start verilir. Sorğusu müsbət cavablandırılan uşaqların sənədləri 15 iş günü müddətində müvafiq müəssisəyə təqdim olunmalıdır.
Jalə Allahverdiyeva- valideyn: “Bu bağçadan çox razı olduğuma görə, ikinci övladımı da bu bağçaya qeydiyyatdan keçirmək istəyirəm. Artıq 2-ci övladımı da iyulun 25-də məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul kabinetdində qeydiyyatdan keçirmişik. Tarix göstərilir ki, avqust ayının 1-dən etibarən biz artıq övladımıza bağça seçimi edə biləcəyik. İnşallah, övladımız bu bağçaya qəbul olar, gəlib sənədlərini göstərilən formada təqdim edərik və övladımız bu bağçada təlim-tərbiyə prosesinə qoşular”.
Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 gündən sonra həyata keçiriləcək.
Ülviyyə Abdullayeva- Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşı: “Məktəbəqədər təhsil müəssisələri üzrə valideyinlərin seçdiyi 3 yerdən hansında ilk olaraq növbə sorğuya çevrilərsə, digər növbələr silinmiş hesab oluncaq. Proses sentyabr ayının 1-dək davam edəcək. 1-15 sentyabr tarixlərində qrupların komplektləşdirilməsi səbəbindən sistemdə qeydiyyat müvəqqəti dayandırılacaq. Sentyabr ayının 15-dən sonra isə boş yerlərə qeydiyyat davam edəcək. Qeydiyyatdan keçmək üçün valideynin və övladının şəxsiyyət vəsiqəsi tələb olunur”.
Bağçalara qeydiyyatın elektron şəkildə aparılması prosesi artıq 1 ildir ki, həyata keçirilir. Bu da valideynlərin işini daha da asanlaşdırıb.
Flora Zeynalova- 1 saylı uşaq bağçasının müdiri: “Uşaqların məktəbəqədər təhsil müəssisələrinə elektron qaydada qəbul olmaları müsbətdir. Əvvələr valideyn gəlirdi, yer yoxdur deyəndə, bəlkə də inanmırdılar. Ancaq indi portala daxil olan zamna hansı bağçada yerin olub-olmadığı ilə bağlı məlumat əldə edə bilirlər və övladı hansı növbədədir. Bu da şəffaflıqdır. Yəni hansı bağçada yer varsa valideyn rahat şəkildə övladını o bağçaya qoya bilir”.
Valideynlər Gəncədə fəaliyyət göstərən 42 məktəbəqədər təhsil müəssisəsi arasından seçim edə biləcəklər.
Aişə Rzayeva
- Baxış: 555