Qəbul imtahanlarının ardından abitruyentlər üçün ən önəmli mərhələ ixtisas seçimidir. Məlumata görə, bu il ödənişsiz olan plan yerlərinin sayı da artacaq. Qəbul imtahanlarının nəticəsi buna təsir edibmi? Qarşıdakı süjetdə ətraflı.
Bu il Azərbaycanda tələbə olmaq istəyənlərin sayı ötən illərlə müqayisədə xeyli artıb. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunda 101 mindən çox abituriyent iştirak edib. Onlardan 70 mindən çoxu universitetlərə ərizə verib.
Nəsimi Məmmədov- DİM-in Gəncə Regional Bölməsinin rəhbəri: “Bilirsiniz ki, bu il 101 mindən çox abituriyent öz elektron ərizəsini təsdiq etmişdir. Və bu elektron ərizənin təsdiqinə uyğun olaraq 1-ci və 3-cü ixtisas qrupu üzrə 22 min, 2-ci ixtisas qrupu üzrə 18 min və 4-cü ixtisas qrupu üzrə 4500-dən artıq abituriyent qeydiyyatdan keçmişdir. İxtisas seçimləri DİM tərəfindən yaxın günlərdə elan olunacaq. Çünki, 1 və 4-cü qrupların imatahan proseslərinin nəticələri emal olunur, onların açıq tipli tapşırıqlarının yoxlanılması həyata keçirilir. Yaxın günlərdə elan olunması gözlənilir. 1 və 4-cü ixtisas qruplarının nəticələri də elan olunduqdan sonra artıq DİM tərəfindən ixtisas seçiminə başlanılacaq”.
Ekspertlər deyir ki, bu il ali təhsil müəssisələrinə olan qəbul yeri artırılaraq 60 min olacaq. Həmçinin, dövlət sifarişli yerlərin sayı da artırılaraq 28 minə çatacaq. Yəni təxminən 50 faizə yaxın tələbə ödənişsiz əsaslarla təhsil almaq şansına sahib olacaq.
Kamran Əsədov- Təhsil eksperti: “Bu il abituriyentlər kifayət qədər şanslıdırlar. Bunun bir neçə əsas səbəbi var. Birincisi, bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında abituriyentlərin nəticələri o qədər də yüksək deyil. Xüsusən biz bunu 1-ci qrupla bağlı deyə bilərik. Həmçinin, bu il ali təhsil müəssisələrinin qəbul plan yerlərində kəskin artım var. Bu il ali təhsil müəssisələrinin qəbul plan yeri 51 mindən 60 minə çatacaq. Bu da aşağı balla olan abituriyentlərin də qəbul olmasına imkan verəcək”.
Kamran Əsədov onu da qeyd elədi ki, bu il olan nəticələrin təhlili onu deməyə əsas verir ki, müsabiqə şərtini ödəyən hər bir abituriyentin ali təhsil müəssisəsinə qəbulu yüksəkdir. Çünki, nəticələr demək olar ki, ötən ilin göstəriciləri ilə eynidir.
Kamran Əsədov- Təhsil eksperti: “Bu il 1-ci ixtisas qrupunda 200-dən çox bal toplayan bütün abituriyentlər ali məktəblərə qəbul ola biləcəklər. Hətta biz I qrup üzrə daha aşağı ballarla abituriyentlərin ali təhsil müəssisələrinə qəbul olmağını gözləyirik. 2-ci ixtisas qrupunda 450-dən yüksək bal toplayanlar pulsuz ixtisaslara rahatlıqla qəbul ola biləcəklər. Həmçinin, özəl universitetlərə daha aşağı - 190 balla belə qəbul olmaq mümkün olacaqdır. 3-cü və 1-ci ixtisas qrupunun abituriyentlərinin hər birini biz daha şanslı hesab edirik. Yəni biz ona görə də 3-cü və 1-ci qrupda balların müəyyən qədər aşağı olacağını, 2 və 4-də isə stabil qalacağını görəcəyik”.
Bu il I qrup üzrə universitetlərə qəbul olmaq istəyənlərin şansı daha yüksəkdir. Çünki, bu qrup üzrə plan yeri 17 mindir. 3-cü qrupda isə yerlərin sayı ötən illə müqayisədə artaraq 16 min olub. 2-ci ixtisas qrupunda plan yeri 14 mindən çoxdur. Bu il ən az plan yeri isə 4-cü qrupda olacaq - 5 min. Buna baxmayaraq bu qrupda abituriyentlər bəzi ixtisaslara 150 balla qəbul olmaq imkanı əldə edəcək.
Aişə Rzayeva
- Baxış: 397