İndi təqdim edəcəyimiz süjetdə Gəncədə ilk dəfə olaraq bədii tərtibat və dekorasiya sənəti ilə məşğul olan şəhər sakinindən danışacağıq. Onun düzəltdiyi əl işləri özünün qeyri-adiliyi ilə seçilir. Əsasən yaradıcılığında vətənpərvərlik və sevgi mövzuları yer tutur.
85 yaşlı Aydın Həsənov Gəncədə bədii tərtibat və dekorasiya sənəti ilə məşğul olan yeganə sənətkardır. Ömrünün 50 ilə yaxın dövrünü bu sənətə həsr edən Aydın dayı məktəb illərindən yaradıcılığa həvəs göstərib. Lakin ali təhsil dövrü və hərbi xidmət bir müddət bu sənətdən uzaq salır Aydın Həsənovu. Həmçinin, atası və üç əmisinin İkinci Dünya Müharibəsindən qayıtmaması onun hərbiyə yönəldir. Birinci Qarabağ müharibəsində vuruşaraq mayor rütübəsinə kimi yüksəlir. Lakin ürəyinin dərinliklərində olan bədii tərtibat və dekorasiya sənəti onu rahat buraxmır.
Aydın Həsənov- həvəskar sənətkar: “Bu işləri görməyəndə elə bilirəm ki, məndə nə isə çatışmır. Bütün bu işləri özüm öz əlimlə, öz fikirimlə yaratmışam. Əsas vətənpərvərlik böyük rol oynayır. Birinci, İkinci Qarabağ müharibələrindən sonra vətənpərvərlik hissləri daha güclü olub. Bunu da təbliğ eləmək yaxşı şeydir. Əsas fikrim odur ki, belə tərtibat yaratmaq gənclər üçün çox yaxşı işdir. Qoy belə işləri çox görsünlər və içimizdə də maraqlanan adamlar çox olsun. Bunu etmək asan deyil, amma eləmək olar. Mən maraqlanıramsa, kimsə ayrı adam da maraqlanmalıdır”.
Yaradıcılığını qeyri-adi və maraqlı edən ünsürlərdən biri də şüşə butulkaların içərisində sənət nümanələri yaratmaq olub. Bunu səbrlə, zərgər dəqiqliyi ilə edir, aylarla vaxt sərf edir. Aydın Həsənov qeyri-adi bir sənət əsəri yaratmaq arzusundadır.
Aydın Həsənov- həvəskar sənətkar: “Xalqlar dostluğu gözəl bir şeydir. Bizə dost olan Türkiyədir, sonra Pakistan, İsrail və başqaları var. Bunlarla əlaqədar bəzi tərtibatlar yaratmaq istəyirəm. Heç kimə düşmənçilik fikrim olmayıb. Ancaq özümüzü müdafiə etmişik”.
Aydın Həsənovun yeganə oğlu da şəkil çəkib, müxtəlif əşyalar düzəldə bilsə də, ancaq bu sənəti davam etdirmir. Aydın dayının tək arzusu isə düzəltiyi bu əsərlərin qorunub saxlanılması və bunlardan ibarət sərginin təşkili və muzeyin yaradılmasıdır.
Elnur Vahidoğlu
- Baxış: 494