• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 840
— 12.07.2023 19:05

İşsizlər üçün peşə kursları təşkil edilir

KepezTV Player

Dövlət Məşğulluq Agentliyinin funksional istiqamətlərindən biri də peşə hazırlığının təşkilidir. Bunun üçün həm Dövlət Məşğulluq Agentliyinin Peşə Hazırlığı Mərkəzlərində, həm də özəl tədris müəssisələrində kurslar həyata keçirilir. Agentliyin ölkə üzrə 3 peşə hazırlığı mərkəzi var ki, bunlardan biri Gəncədə yerləşir.

Bakı və Göyçayla yanaşı Nizami yurdunda fəaliyyət göstərən peşə hazırlığı mərkəzində kurslar üzrə təhsil müddəti 6 aya qədərdir. Peşə hazırlığının təşkili zamanı 3 ildən artıq işləməyən, peşəsi olmayan və şəhid ailəsinin üzvləri üstün hüquqa malikdirlər. Peşə hazırlığının məqsədi işaxtaran və ya işsiz şəxslərə müvafiq bilik və bacarıq verməklə qısa müddət ərzində ixtisaslı kadrların hazırlanmasıdır.

Mərkəz Gəncə-Daşkəsən, Tovuz-Qazax, Mərkəzi Aran, Şəki-Zaqatala, eyni zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan 26 şəhər və rayonu əhatə edir.

Bu günədək Gəncə Peşə Hazırlığı Mərkəzinə 900 nəfər cəlb olunub. Kursu bitirən 90 faizə yaxın müdavim işlə təmin edilib. İlin sonunadək 1000-dən çox şəxsin kurslara dəvət olunması nəzərdə tutulur. Mərkəzdə müasir əmək bazarının tələblərinə cavab verən kənd təsərrüfatı, dərzilik, mühəndislik, kulinariya və aşpazlıq və digər sahələri əhatə edən 175 peşə və ixtisas üzrə təlimlər keçirilir.

Hazırda Gəncə Peşə Hazırlığı Mərkəzində 50-ə yaxın aktiv kurs var və bu kurslarda 400-ə yaxın müdavim təhsil alır. Tədris prosesini uğurla bitirən şəxslərə rəsmi sertifikat təqdim edilir və onların işlə təminatına dəstək göstərilir. Eləcə də, peşə hazırlığı dövründə işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilir. Peşə hazırlığına cəlb olunmaq istəyən şəxslər yaşadıqları ərazi üzrə məşğulluq filiallarına müraciət etməlidirlər. Burada vətəndaşların məşğulluq imkanları qiymətləndirilir və uyğun namizədlər üçün peşə istiqamətləri seçilir.

Orxan Cəfərzadə