2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılıb. 58 minə yaxın namizədin iştirak edəcəyi test imtahanları iyulun 15-dək 13 şəhər üzrə keçiriləcək. Gəncədə imtahanın keçirilməsi üçün müşahidə kameraları quraşdırılan 6 imtahan zalı ayrılıb. İştirakçılar 2 saat 30 dəqiqə ərzində 40-ı ixtisas, qalanı isə kurikuluma aid sualları cavablandırırlar. Ümumilikdə Gəncədə 6805 namizədin 5 gün ərzində imtahan verməsi planlaşdırılıb.
Kamran Cəfərov- iştirakçı: “Normal suallar idi, 47 bal topladım. Riyaziyyat fənni olduğu üçün fikirləşmək tələb edirdi. Kurikulum normal idi, problem yox idi”.
Aysel Cavadova- iştirakçı: “Göygöl rayonundan gəlmişəm. İmtahan da yaxşı keçdi. 38 bal topladım”.
Rəşadət İbrahimov- iştirakçı: “Mən təkcə ixtisasdan yazdım, kurikulumdan yaza bilmədim. Ötən ilə baxanda yaxşı idi. 44 bal topladım”.
Sevinc Quliyeva- Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin sektor müdiri: “Müəllimlərin işə qəbulunun şəffaf təşkili ən bacarıqlı, ən savadlı təhsil verənimizin məktəbdə şagirdimizə ötürəcəyi bilik və bacarığın təminatçısıdır. Ona görə də bu işin təşkili ilə bağlı hər birimiz səfərbər olmuşuq”.
- Baxış: 365