Gəncə şəhər Baş Polis İdarəsində Daxili İşləri Nazirliyinin idman cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə polislər arasında silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə yarış keçirilib. Rəsmi hissədə çıxış edən Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyev yarış iştirakçılarına uğurlar arzulayıb. Qeyd edib ki, Ulu öndər ölkəmizdə idmanın inkişafına xüsusi diqqət yetirib. Gənclərin idmanla məşğul olması üçün paytaxtda, eləcə də regionlarda hər cür şərait yaradılıb. Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin baş inspektoru, polis polkovnik-leytenantı Zaur Məcidov yarışın qaydaları haqda iştirakçılara ətraflı məlumat verib. Rəsmi hissənin ardından mübarizələrə başlanılıb. 300-ə yaxın polis əməkdaşının qatıldığı yarışda 6 çəkidə qaliblər müəyyənləşib. İki gün davam edən birinciliyin sonunda 18 iştirakçı fəxri kürsüdə yer alıb. Qaliblər medal, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Analoji yarışlar gələcəkdə də davam etdiriləcək.
- Baxış: 498