Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət, Elm və Təhsil Nazirliklərinin, eləcə də Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının ikinci mərhələsi davam edir. Festival çərçivəsində ilk mərhələni uğurla başa vurmuş qərb bölgəsindən olan bir qrup iştirakçı üçün Göygöl Milli Parkı ərasizində yay düşərgəsi təşkil olunub. Düşərgənin keçirilməsində əsas məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkili, festival iştirakçıları arasında şəbəkələşmənin təmin edilməsi, onların yay tətillərini daha maraqlı və səmərəli keçirmələrinə şərait yaratmaqdır. Düşərgə müddətində uşaqlar üçün maraqlı və əyləncəli oyunlar keçirilib. Bundan başqa, tanınmış incəsənət nümayəndələrinin ustad dərsləri təşkil edilib. Eyni zamanda bölgənin tarixi-mədəni yerlərinə ekskursiya və intellektual yarışlar da keçirilib. Düşərgədə tanınmış incəsənət nümayəndələri, rəssam, qiraətçi və rəqqaslar də iştirak edib. Üç turdan ibarət, 22 nominasiyada üç yaş qrupu üzrə keçirilən ölkənin ən böyük uşaq incəsənət festivalının ikinci mərhələsi avqust ayının sonunadək davam edəcək. Festivalın final mərhələsinin sentyabr ayı ərzində Bakı şəhərində təntənəli formada keçirilməsi nəzərdə tutulub.
Elnur Vahidoğlu
- Baxış: 322