İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən artıq bir ilə yaxındır ki, xaricdə tibb üzrə təhsil alan tələbələrin ölkəyə qaytarılması üçün uzmanlıq proqramı hazırlanıb. Proqrama uyğun olaraq onlar Respublikanın bir çox şəhər və rayonlarının dövlət xəstəxanalarına həkim kimi göndəriş alırlar. Gəncədə də proqram çərçivəsində fəaliyyətə başlayan həkimlər var.
Xaricdə təhsil alan və uzmanlıq proqramı çərçivəsində Gəncəyə təyinat alan Gülnar Səmədova əslən Laçındandır. 2014-cü ildə Türkiyənin Samsun şəhərində On doqquz mayıs universitetinin tibb fakültəsini bitirib. 4 il mama-ginekoloq kimi uzman həkim təhsili alıb. Müxtəlif illərdə Türkiyədə çalışıb. 6 aya yaxındır ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkil etdiyi proqram çərçivəsində Gəncədə uzman həkim kimi fəaliyyət göstərir.
Gülnar Səmədova- həkim: “Təbibin bu layihəsini eşitdim. Xaricdə təhsil alan uzman həkimlərin dövlət xəstəxanalarında işlə təmin edilməsi ilə əlaqədar müraciət etdim. Gəncə şəhərindən təklif gəldi və mənə zəng edib, qəbul etdilər. Hazırda Abbas Səhhət adına xəstəxanada mama-ginekoloq olaraq çalışıram. Çox asan bir şəkildə dövlət xəstəxanalarına qəbul ola bilirik. Eyni zamanda maaşımız yüksəkdir. Uzman olduğumuz üçün, xaricdə təhsil aldığımız üçün bizim hər bir təklifimiz müdriyyət üçün yararlı olur. Təkliflərimiz nəzərə alınır, onlara fikir verilir. Bu şəkildə biz də səhiyyəmizə, dövlətimizə kömək etməyə çalışırıq”.
Gəncədə uzmanlıq dərəcəsi alan 4 həkim çalışsa da, onlar uzmanlıq proqramı çərçivəsində çalışanlardan deyillər. Bunun üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edilib.
Ceyhun Quliyev- həkim: “Dövlət xəstəxanalarında hazırda işləyən uzman həkimlər də müraciət edə bilərlər. Biz də yenilikcə müraciət etmişik. Cavab gözləyirik ki, bizə nə cavab veriləcəkdir. Uzmanlara bu kimi dəstək verilsə, regionlara uzman axını başlaya bilər. Onlar da eşidər və dövlət proqramından yararlanar. Düşünürəm ki, onda daha çox həkim dövlət xəstəxanalarına müraciət edər”.
Proqram çərçivəsində terapevt kimi çalışanlara 5 min, cərrahlara isə 6 min 500 manat əmək haqqı təyin olunur. Gəncə ilə yanaşı Bakı, Ağdaş və Mingəçevirdə uzman həkimlər fəaliyyət göstərir. Məqsəd xaricdə ali təhsil alan tələbələrin Azərbaycana geri qayıtmasını stimullaşdırmaqdır.
Məlahət Bayramova- Gəncə Birləşmiş Xəstəxanasının İnsan resursları şöbəsinin müdiri: “Proqrama qoşulmaq üçün biz sənədləri İcbari Tibbi Sığorta Agentliyinə göndəririk. Onlar imtahanlara cəlb olunurlar və imtahandan keçənlər işə qəbul olunurlar. Proqramın üstünlüyü ondan ibarətdir ki, dövlətin həvəsləndirici əmək haqqısı var ki, uzaman həkim proqramı ilə işə qəbul olunan həkimlərimiz əlavə 5 min həvəsləndirici əmək haqqı alırlar. Uzmanlıq proqramına qoşulmaq üçün biz iki nəfərin də sənədlərini göndərmişik. Onlardan biri terapevt Vüsal həkimdir, digər isə radioloq Musa həkimdir”.
Gəncədə hazırda 5 xəstəxana və 9 Ailə Sağlamlıq mərkəzində 600-ə yaxın həkim çalışır. 20 həkim yeri isə vakant olaraq qalır.
Elnur Vahidoğlu
- Baxış: 416