• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1748
— 01.07.2023 20:13

Təbii fəlakət qərb bölgəsinin 2 rayonunda fəsadlar törədib

KepezTV Player

Yağan güclü yağış səbəbi ilə gələn sel Goranboyun Azad, Dəyirmanlar, Nizami kəndlərində eləcə də ucqar dağ rayonu olan Daşkəsənin 9 kəndində ciddi fəsadlar törədib. Sakinlərin evlərinə, zirzəmilərinə sel suları dolub, kənd təsərüfatında ciddi ziyan dəyib. Hazırda hər iki rayonun Fövqəladə Hallar Komissiyasının əməkdaşları yaranan fəsadları aradan qaldırır və dəyən ziyanı hesablayır.

Şəkər Hacıyeva- sakin: “Qonşu zəng elədi ki, biz tərəf suyun altındadır. Gəldik, burdan uşaqlar qaytardı ki, sel sizi aparacaqdır. Toyuq damımı sel aparıb, toyuq-cücəm ölüb, evin döşəməsindən içəri dolub. Qonşuların evinə, zirzəmilərinə, kartof sahələrinə dolub. Elə bir yağış da yağmadı. Mən 1988-ci ildə bu cür seli görmüşəm”.

Güclü yağış və sel Goranboy rayonunun Azad kəndində fəsadlar törədib. Təbii fəlakət zamanı kənd sakinlərinin həyətyanı sahələrini sel basıb. Əkin sahələri də sel sularının altında qalıb. Bütün bostan bitkiləri və ağaclar ziyan görüb. Azad kənd tibb məntəqəsinə də su dolub, binaya ciddi ziyan dəyib, divarlarında çatlar əmələ gəlib.

Yağan güclü yağış Azad kəndində ciddi fəsadlar törədib. Belə ki, kəndin 80-ə yaxın evinin həyətindən sel keçib. Həmçinin, 4 evə ciddi ziyan vurub. Bundan başqa həyətlərdə olan toyuq-cücəni, eləcə də arıları da sel məhv edib.

Əlvan Mövsumov- sakin: “Bir saat yağış yağıb. Sonra gecə saat 23:00-dan səhər saat 6-ya kimi sel gəlib. 2 yeşik arımı, eləcə də 2 ton arpamı sel aparıb”.

Gülnaz Ömərova- sakin: “Zirzəmimizi, 400 kq kartofumu sel aparıb. Təzə də məhlə idi, heç 1 il deyildi ki, yaşayırdıq. 80 min manat xərc çəkmişdim, hamısı batdı”.

Təbii fəlakət rayonun Dəyirmanlar kəndində də evlərə ziyan vurub. 150 yerlik məktəbin həyətinə lil dolub.

Ötən gün Goranboy rayonuna yağan güclü yağış rayonun Dəyirmanlar kənd tam orta məktəbində də fəsadlar törədib. Orta məktəbin zirzəmisi sel suları ilə dolub. Hazırda Fövqəladə Hallar Nazirliyinin Aran regional mərkəzinin xüsusi xilasedici qrupunun əməkdaşları suyun zirzəmidən çıxarılması işini həyata keçirir.

Bəxtiyar İsmayılov- məktəbin direktoru: “Su lili gətirib həyətyanı sahəyə dolub. Zirzəmi tamamilə sel suları ilə dolub. Zirzəmidə məktəbin arxivində olan müəyyən sənədlər, partalar, yazı löhvələri sel sularının altında qalıbdır”.

Goranboyda baş verən selin fəsadları ilə bağlı adiyyatı qurumlar kəndlərə cəlb olunub. Ağır texnika və canlı qüvvə fəsadların aradan qaldırılması ilə məşğuldur.

Seymur Nazarov- Goranboy rayon Fövqəladə Hallar Komissiyasının sədri: “Rayon Fövqəladə Hallar Komissiyası hadisə baş verən andan ərazidə olmuşdur. İdarə, təşkilatların köməkliyi ilə yerli texnikalar cəlb edilmişdir. Selin yaratdığı fəsadların araşdırılması və aradan qaldırılması istiqamətində işlər görülmüşdür. Hazırda işlər davam etdirilir. Səhərə kimi dəymiş ziyanın hesablanması işləri aparılmışdır. İlkin məlumata görə, 80-nə yaxın həyatyanı sahəyə sel dolub, zirzəmilərə dolan sel və lil də təmizlənir”.

Daşkəsənə yağan intensiv leysan yağışları isə qısa müddətdə güclü dağıdıcı selə və çaylarda daşqınlara səbəb olub. Rayonun Qabaqtəpə, Əmirvar, Gurbulaq, Dəstəfur, Alaxançallı, Xoşbulaq, Çovdar, Çanaqçı və Qaraqullar kəndlərindən sel keçib. Təbii fəlakət kəndlərə gediş-gəlişdə çətinliklər yaradıb. Sakinlərin təsərrüfatlarına ciddi ziyan dəyib.

Elmar Əliyev- Daşkəsən rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini: “Rayonun yol infrastrukturuna, elektrik xəttlərinə, fərdi yaşayış evlərinə, əkin sahələrinə, heyvandarlıq, arıçılıq təsərrüfatlarına ciddi ziyan dəyib. Dağlardan iri qaya parçaları, palçıq kütlələri avtomobil yollarına töküldüyündən, əksər yollarda avtomobilləriin hərəkəti tamamilə dayanıb. Bəzi yaşayış evlərinə su dolub. Ziyanların aradan qaldırılması istiqamətində işlər ərazi mülki müdafiə qüvvələri ilə birlikdə davam etdirilir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, baş verənlər iqlim dəyişmələrinin nəticəsidir. Əsasən dağlıq və dağətəyi bölgələrdə lokal güclü leysan nəticəsində sel-daşqın hadisələri baş verir. Ölkə üzrə bu ilin aprel ayından iyunun 30-dək 81 sel-daşqın hadisəsi qeydə alınıb.

Elnur Vahidoğlu