• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1034
— 22.06.2023 20:39

Qeyri-sabit havanın səbəbi nədir?

KepezTV Player

Bu il yaz-yay fəsillərində qeyri-sabit havanın qeydə alındığı günlərin sayı daha çox təkrarlanır. Bir çox bölgələrə dolu, leysan yağışları yağır və çaylardan sel keçir. Bəs bu hava şəraiti nə ilə bağlıdır və insan səhhətinə necə təsir edir? Qarşıdakı süjetimizdə bu suallara cavab axtarmağa çalışmışıq.

Adətən yazın yağışlı keçməsi bərəkətdən xəbər verir. Amma hər şeyin çoxu ziyan ehtiva etdiyindən, yağışın da aşırısı fövqəladə hallara səbəb oldu. Xüsusən Qərb rayonlarında müşahidə edilən aramsız yağışlar bəzi bölgələrə sel gətirdi. Bu isə olub-qopan bərəkəti də özü ilə yuyub apardı. Əlbəttə ki, bu dəmdə yenə də zərərin ən böyüyü kənd sakinlərinə dəydi. Kiminin mal-qarası, kiminin əkin tarlası, kiminin də ev-eşiyi selə qurban getdi.

Bütün baş verənlərin iqlim dəyişikliyi olduğunun fərqində olsaq da, fərqinə varmaq iqtidarında olmadığımız nüanslar da var. Bunu isə ən yaxşı mütəxəssislər bilir. Onların fikrincə, gözlənilməz təbiət hadisələri təhlükəli atmosfer proseslərinin baş verməsi ilə bağlıdır.

Elşad Məmmədov- mütəxəssis: “Bunun əsas səbəblərindən biri kimi iqlim dəyişməsini qeyd etmək lazımdır. İqlim dəyişməsi bu gün planetdə sürətlə cərayan edir. Buna misal olaraq qeyd etmək lazımdır ki, Arktikada temperaturun artması, müxtəlif digər səbəblər iqlim dəyişməsinə əsasən antropagen su buxarları və istixana qazlarının təsiri nəticəsində bu axınlar müəyyən qədər tormozlanır, ləngiyir. Və bu ləngimələr də müxtəlif hava hadisələrinə səbəb olur. Bunun da nəticəsində müəyyən hadisələr baş verir. Onu qeyd etmək lazımdır ki, planetdə hava hərarətinin dərəcəsinin artması insaların faiz tələfatına səbəb olur. Bu, çox ciddi məsələdir”.

Əlbəttə ki, anomal hava şəraiti sadəcə təbiətə deyil, insanlara da təsirsiz ötüşmür. Bir gün Günəşi göstərib, başqa gün buludu ağladan hava orqanizmdə narahatlıqlar doğurdu. Niyəsini ən yaxşı həkimlər izah edir.

Şəhla Verdiyeva- həkim: “Belə bir deyim var ki, hava şəraiti dəyişdikcə insan bədəni də narahat olur. Əslində bunun həqiqətən də elmi əsasları var. Belə ki, hava şəraiti pozulanda temperatur gündən-günə, hətta gün ərzində saatdan-saata sürətlə dəyişəndə əlbəttə ki, bədənimizin dözümü də aşağı düşür. Müxtəlif xəstəliklərə ələlxüsus da mövsüm xəstəliklərinə dəvətnamə çıxarmış oluruq. Ən çox təsirlənən bizim tənəffüs yollarımız və bir də ki, mədə-bağırsaq sistemimiz olur. Həmin orqanların səbəbsiz yerə matorikası ilə bağlı problem yaşayırıq. Ən təhlükəli, ən çox zərər görən ikinci bir orqanımız isə ürək-damar sistemimizdir. Bu hava dəyişimi halında ani ürək ölümləri, bəzən ürəyin işemik xəstəlikləri, təzyiq yüksəlmələri və ya təzyiq düşmələri daha çox olur. Belə dəyişən hava şəraitində mümkün qədər evdə olmağa diqqət etməliyik”.

Yazımız yağmurlu oldu, artıq təqvimlə yay fəsli daxil olub. Dilərik ki, yağmurun bərəkətini qarşıdakı aylarda görüb, daşan çaylara da, axan sellərə də şükr edərik...

Aişə Rzayeva