• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1070
— 22.06.2023 10:07

İş münasibətlərinin düzgün qurulması

KepezTV Player

İnsan ömür boyu kim olduğunu axtarır. Bunu tapanda isə artıq həyatdan nə istədiyini yaxşı bilir. Çünki cəmiyyətdəki vəzifəsini tapmış olur. Hansı peşənin nümayəndəsi olmaq istədiyini anlayır. Həyatının vacib bir parçası işi olur. İş mühiti ikinci evimizə çevrilir. Günümüzün əsas hissəsini orada keçiririk, elə məhz bu səbəbdən də hərkəslə, kolleqalarımızla düzgün münasibət qurmaq əsas şərtlərdən biridir. İşə yeni başlayanlar öncə müşahidəçi rolunda olmalıdır ki, hər kəsi düzgün analiz edə bilsin. Dostyana qurulmuş rəhbər-kollektiv münasibəti aydındır ki, daha effektiv olur. Psixoloqlar isə qeyd edir ki, iş mühitində olan mübahisələr insanları gərginləşdirir və sinir sisteminə mənfi təsir göstərir. Həddindən artıq aqressivlik insanın iş effektivliyini azaldır.

Təbii haldır ki, uğur qazanmaq asan məsələ deyil. Bu yolda bir çox maneələr var. İstəyərdim ki, bu çətinliklərlə qarşılaşan qəhrəmanımızın hekayəsi ilə tanış olaq, görək o, hansı çətinliklərdən keçib?

Elgün Nağdalıyev– sahibkar: “Mən karyerama başlayarkən tamam başqa bir sahədə başladım. Amma bir qrup formasında musiqi sahəsinə daxil olarkən bir müddətdən sonra öz yoldaşlarım tərəfindən yoldaşlıq xəyanətinə uğradım. Və bu məni hazırki musiqi sahəsinə, kurs idarəçiliyinə gətirib çıxardı. Həmin o an mənim üçün dönüş nöqtəsi oldu. Hər bir insanın qarşısında çətinliklər olur. Sadəcə, o çətinliklər qarşında duranda arxaya çəkilsən, heç vaxt istədiyinə nail ola bilməzsən”.

Uğur və karyera yüksəlişinə nail olmaq üçün səbr və özünə inam ən vacib şərtlərdən biri hesab edilir ki, o, hər çətinliyin öhdəsindən gəlməyin, karyerada nailiyyətli olmağın açarı sayılır. Araşdırmalara əsasən, uğura gedən yol seçilən peşəni sevməkdən və onun peşəkarı olmaq üçün atılan addımlardan keçir. Uğur yaxşı maaşdan çox, inkişaf vəd edən karyera seçimidir. Onun üçün aparılan mübarizədir. Elə həyat özü də mübarizədir.  

Elgün Nağdalıyev– sahibkar: “Bir bunu öyrəndim ki, bu yolda davam edirsinizsə, hisslərinizlə yox, hirslərinizlə hərəkət etməlisiniz. Çünki, hirslə irəli gedən insanın qabağında heç bir maneə dura bilməz. Əksinə, maneələri aşdıqca insan həvəsə gəlməlidir. Necə ki, yaydan çıxmış ox necə sürətlə atılır, o qaydada sürətlə irəli getmək lazımdır. Karyerada uğur qazanmaq üçün birinci mübariz olmaq lazımdır. İkinci isə insan heç vaxt deməməlidir, mən hər şeyi bilirəm. İnsan hər zaman “mən heç nə bilmirəm, irəli getməliyəm və öyrənməliyəm” deməlidir. Hətta olur ki, mən də tələbələrimdən belə öyrənirəm, ən balacasından tutmuş yekəsinə kimi. Yəni insanın ətrafında hər növ, hər tip, hər çeşiddə insan olmalıdır ki, hər kəsdən bir az-bir az nəsə öyrənəsən”.

Uğurlu olmaq hər kəsin arzusudur. Arzulara isə uzaqdan bir xəyal kimi baxmaq yerinə, onları yaşamaq daha gözəl seçim deyilmi? Hərəkətə keçməyin vaxtıdır. Ümid ilə!

Fidan Qədimova