Ağdamda kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqda təxminən 4 nəfərə aid skelet müəyyən olunub. Basdırılmış şəxslərin cinsiyyəti ilə bağlı məlumatlar ekspertizadan sonra bilinəcək. Ərazidə insanlara aid əlavə sümüklər də aşkar olunduğundan məzarlığa yaxın yerlərdə qazıntı işləri aparılacaq.
Ağdamın işğaldan azad olunan Sarıcalı kəndi ərazisində minatəmizləmə işləri aparılan zaman Ağdam-Hindarx yolunun kənarında kütləvi məzarlıq aşkarlanıb. Skeletlərin aşkarlandığı ərazinin yaxınlığında hərbi yük avtomobilinin qalıqları da müəyyən edilib. Ehtimallara görə, Birinci Qarabağ müharibəsi zamanı ermənilər 4 nəfəri həmin avtomobildə qətlə yetirib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov ermənilərin ərazidə hərbçilərlə yanaşı, çoxsaylı mülki vətəndaşları da qətlə yetirdiyini qeyd edib.
Eldar Səmədov- Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini: “Ərazidə ANAMA tərəfindən təmizləmə işləri həyata keçirilib. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri tərəfindən ilkin qazıntı işləri aparılıb. Mütəxəssislərin rəyinə əsasən, təxminən 4 nəfərə aid skelet müəyyən olunub. Burada sümüklərdən görünür ki, insanlara aid əlavə sümüklər də var. Bu səbəbdən burada qazıntı işləri davam etdirilməlidir. Yaxın ərazilərdə də qazıntı işləri aparılacaq”.
50 kvadratmetr ərazidə aparılan işlər nəticəsində 40-50 santimetr dərinlikdə 3 fərqli yerdə qalıqlar aşkar olunub. Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı Vüsal Həsənovun sözlərinə görə, ərazidə heç bir dəfn əlaməti aşkarlanmayıb.
Vüsal Həsənov- antropoloq: “Bir nöqtədə ən azı iki, digər nöqtələrdə isə hər birində bir nəfər olmaqla azı dörd insan qalığı tapılıb. Təbii ki, say, cinsiyyət, sümüklərdə olan travmalar tam bəlli deyil. Bu, ekspertlər tərəfindən müəyyən ediləcək. İnsanlar təsadüfən yol kənarına atılıb. Zamanla sümüklərdə dəyişikliklər baş verib. Ola bilər ki, antropogen, yaxud da anatomik ardıcıllıq tamamilə pozulub. Çünki bura çox dayaz ərazidir. İnsan qalıqları tamamən fərqli hissələrdə yerləşir, bəziləri isə heç tapılmayıb”.
Aşkarlanan kütləvi məzarlıqla bağlı Ağdam rayon prokurorluğunda araşdırma başlanılıb. Sarıcalı kəndində tapılan yeni məzarlıq bu günədək azad edilmiş ərazilərdəki 8-ci kütləvi məzarlıqdır. Bundan əvvəl Şuşa şəhərində Şuşa türməsinin ərazisində kütləvi məzarlıq aşkar edilib. Ümumilikdə üçtərəfli bəyanat imzalandıqdan sonra indiyədək 400-dən artıq vətəndaşa aid meyit qalıqları tapılıb.
Azad Mustafayev
- Baxış: 286