• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 703
— 18.06.2023 20:30

İşğaldan azad olunmuş ərazilərin ekologiyasının bərpa edilməsi istiqamətində layihələr icra olunur

KepezTV Player

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistanın törətdiyi kütləvi ekoloji terror və fəlakət ağlasığmaz dərəcədə böyükdür. Qarabağ bölgəsini 30 ilə yaxın işğal altında saxlayan ermənilər orada kütləvi yanğınlar törədib, meşələri, xüsusi ağac və bitki növlərini məhv ediblər. Hazırda işğaldan azad olunmuş ərazilərin ekologiyasının düzəldilməsi, dağıdılmış fauna və floranın bərpa edilməsi istiqamətində layihələr icra olunur.

Azərbaycana qarşı nifrət bəsləyən ermənilər həm də təbiətə, təbii sərvətlərimizə, ekoloji mühitə qəsdən zərər vurublar. Törətdikləri ekoloji terror su mənbələrimizin korlanmasına, flora və fauna sisteminin ciddi məhvinə, meşələrimizin qırılmasına, regionun ekoloji tarazlığının pozulmasına gətirib çıxarıb. Terror nəticəsində hektarlarla meşə sahələri qəsdən yandırılıb, Zəngilan, Ağdam, Kəlbəcər, Qubadlı və digər rayonlarda qiymətli agac növlərinin çoxu yarımfabrikat kimi xarici ölkələrə daşınıb.

Valeh Şükürov- mütəxəssis: “Bildiyimiz kimi 30 ildir ki, Azərbaycanda dağ meşələrinin 261 min hektarı ermən işğalı altında qalmışdı. Bəzi məlumatlara görə hal-hazırda 100 min hektarı erməni vandalları tərəfindən məhv edilmişdir. Qırmızı kitaba düşmüş Ayıfındığı, Fıstıq, Qırmızı palıd, Şərq Çinarı kimi qiymətli ağacları ermənilər məhv etmiş, xarici ölkələrə satmış, müxtəlif məqsədlərə istifadə etmişdirlər. Beləliklə də, bizim meşələrimizin dediyimiz kimi yarısından çoxu məhv olmuşdur”.

Azərbaycan ekoloji tarazlığın qorunması, vətəndaşlarının sağlam ətraf mühitdə yaşamasının təmini üçün daim çalışır və bununla bağlı işlər görür. Bu gün işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində “yaşıl təsərrüfat” layihələri, ağacəkmə aksiyaları həyata keçirilir.

Çingiz Məmmədov- BMT-nin İnkişaf Proqramının Azərbaycanda Ətraf mühitin mühafizəsi layihələrinin rəhbəri: “Qarabağ azad olunandan sonra biz Azərbaycan hökuməti ilə birgə orada müəyyən təqdiqatlar apardıq. Bir layihə hazırlamışıq - Qarabağda yaşıl təsərrüfatın, tingçiliyin yaradılması. Və bu tingçilik əvvəl Qarbağ zonasını ağaclarla təmin edəcəkdir. Bax belə bir tingçilik təsərrüfatı hardasa 40-50 nəfəri işlə təmin edə bilər və Qarabağın özündə yaşıllaşma işinin təşkilinə kömək edə bilər. Yaşıllıq həm də eyni zamanda biomüxtəliflik deməkdir. Meşə olan yerdə quşlar da, heyvanlar da məskunlaşır, sonra da insanlar da fəaliyyət göstərərkən həm bir tərəfdən daha yaxşı, təmiz hava ilə nəfəs alırlar. Təmiz su da istifadə edirlər. Bunların hamsı həm həyata, həm təbiətə müsbət təsir göstərir”.

Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra oradakı ekoloji vəziyyətin araşdırılması məqsədi ilə həyata keçirilən monitorinqlərin nəticələrinə əsasən, 31 beynəlxalq təşkilata müraciət göndərilıb. Ermənistanın silahlı təcavüzü, işğalçılıq siyasəti nəticəsində Azərbaycana küllü miqdarda maddi, mənəvi və ekoloji ziyan dəyib. Dəymiş ziyanın miqdarı dəqiqləşdirilib, hesabatı aparıldıqdan sonra Ermənistanın vurduğu ziyanla əlaqədar kompensasiyaya cəlb ediləcəyinə ümidvarıq.

Aişə Rzayeva