• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 911
— 18.06.2023 20:23

Rəfibəylilər nəslinin məğrur nümayəndəsi

KepezTV Player

Azərbaycan ədəbiyyatında öz səsi, öz sözü olan şairə Nigar Rəfibəylinin 110 illik yubileyi qeyd edilib. Gəncənin Xan bağında, şairənin abidəsi önünə toplaşan ədəbi cameənin nümayəndələri Nigar Rəfibəyli haqqında xoş sözlər dilə gətirib, onun həyat yoluna nəzər salıblar. Şairənin təbiət mənzərələri, mənəvi zənginlik, vətənpərvərlik, sülh, demokratiya, azadlıq ideyaları tərənnüm olunan kitabları haqqında məlumat verilib. Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin təşkilatçılığı ilə reallaşan tədbirdə həm də tərcüməçi olan Nigar Rəfibəylinin 110 illik yubileyinin dövlət səviyyəsində qeyd edildiyinə diqqət çəkilib. Gəncədə tanınmış Rəfibəylilər nəslinin nümayəndəsi olan Nigar Rəfibəylinin keçdiyi əzablı, keşməkeşli, lakin şərəfli ömrünün yaradıcılığında əksini tapdığı dilə gətirilib. Şairənin qələmə aldığı şerlər kompozisiya formasında tədbir iştirakçılarına təqdim olunub.

Xəzangül Hüseynova- Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri: “Nigar1913-cü ildə iyun ayının 23-də anadan olub, amma biz artıq bu iyun ayını bütünlüklə Nigar Rəfibəylinin yaradıcılığına həsr edirik. Əvvəlcə Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsində Nigar Rəfibəylinin poeziya məclisi oldu, indi isə burada - Xan Bağında İcra Hakimiyyətindən də nümayəndələr gəlmişdi, İcra Hakimiyyətinin dəstəyi, AMEA Gəncə bölməsinin təşkilatçılığı, Gəncə regional Mədəniyyət Mərkəzinin təşəbbüsü və Azərbaycan Yazıçılar Birliyi, Gəncə bölməsinin təşkilatçılığı ilə bu tədbir həyata keçirildi. Bizim üçün çox xoş bir tədbirdir. Bizim üçün vüqar, qürurverici elə bir tədbirdir ki, bu tədbiri həmişə bütün ürəyimizlə həyata keçirməyə hazırıq”.

Əlimuxtar Muxtarov- AMEA Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru: “Nigar Rəfibəylinin yaradıcılığı Azərbaycan Ədəbiyyatında özünəməxsus bir yer tutur və əlbəttə ki, onun yaradıcılığında mənsub olduğu Gəncə ayrıca bir formada tərənnüm olunurdu. Nigar Rəfibəylinin yaradıcılığında yer tutan mövzulardan biri əlbəttə ki, onun dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi ilə bağlı yazdığı şer idi və o, Nizami Gəncəvi yaradıcılığının əbədiyaşarlığına öz mövqeyini belə ifadə edirdi:

Keçdi Yerin üzərindən qərinələr bir an kimi,

Cahangirlər, hökmdarlar, xəzəl olub külə döndü...

...Sənin ömür karvanının əbədiyyət oldu yolu:

Çəkdiyin yük – söz incisi, hər addımı şərəf dolu”.

Bayram Ağrıdağ- Azərbaycan Yazıçılar Birliyinin üzvü: “Nigar xanım xoşbəxt övladdır, ona görə ki, Azərbaycan tarixində öz adını qızıl hərflərlə yazan Rəfibəylilər nəslinin övladıdır. Nigar xanım xoşbəxt həyat yoldaşıdır, ona görə ki, Rəsul Rza kimi şairin həyat yoldaşı olub. Nigar xanım nəhayət xoşbəxt anadır ona görə ki, dünya şöhrətli yazıçımız Anarın anasıdır”.