• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1657
— 17.06.2023 19:09

Açıq havada çox vaxt keçirmək məsləhət görülmür

KepezTV Player

Yay fəsli Azərbaycana iyunun 21-i saat 18:57:47-də daxil olacaq. Yay mövsümünün yaxınlaşması ilə havanın temperaturunun getdikdə artması gözlənilir. Mütəxəssislər belə hava şəraitində günvurma təhlükəsindən qorunmaq üçün açıq havada çox qalmamağı tövsiyə edirlər.

İsti yay günlərində diqqət edilməli məqamlardan biri də günvurma problemidir. Xüsusilə uşaqlar, yeniyetmələr və qocalar daha diqqətli olmalıdırlar. Havanın temperaturu 35 dərəcənin üstündə olduqda günəş şüalarının düşməsi nəticəsində beyin damarlarının artan temperaturun təsirilə genişlənməsi baş verir. Buna görə də həkimlər yüksək temperaturlu günlərdə açıq havada çox qalmamağı tövsiyə edirlər.

Amil Rəhimli- həkim: “Bizə də yay vaxtı günvurma ilə müraciət edən xəstələrin sayı çoxalır. Əsasən xəstələr bizə yay vaxtı hansı şikayətlərlə müraciət edir; biz günvurmanı bir neçə mərhələyə bölürük. İlkin mərhələdə xəstələrdə çox ciddi şikayətlər olmur. Bir az baş dönmələri, ürəkbulanmalar, halsızlıq ola bilir. Bununla şikayətlər başlayır. Əgər xəstə günün altında çox qalırsa, bu saydığım şikayətlər daha ciddiləşir, bir yerdən sonra bayılma, hətta xəstə huşunu itirib yıxıla bilər. Həmin vaxtı təyziqdə oynamalar ola bilər. Əgər həmin vaxt müdaxilə edilməzsə, durum daha da ciddiləşər və xəstələr bizə daha ağır vəziyyətlərdə də gələ bilər”.

Həkimlər deyir ki, günün saat 11-17 aralığında günəş altında mümkün qədər az olaraq, aktiv şüalardan qaçmaq lazımdır. Günvurma fiziki işlə məşğul olan insanlarda daha çox rast gəlinir.

Mütəxəssislər deyir ki, günvurma zamanı su içilməməsi bu vəziyyəti daha da ciddiləşdirə bilər.

Amil Rəhimli- həkim: “İlk fürsətdə kölgəyə çəklmək lazımdır və ya əlində su varsa onu içməlidir, yoxdursa yaxındakı insaları köməyə çağırmalıdır. Boynunun və ayağının altına nəsə qoymalıdır ki, yuxarı qalxsın. Yenə də düzəlmə olmursa mütləq ya təcili yardıma ya da həkimə müaciət etməlidir. Bu müdaxilələr vaxtında edilməzsə, xəstələr daha ciddi problemlərlə qarşılaşa bilər. Məsləhətimiz budur ki, xəstə insanlar günün aktiv isti vaxtlarında çölə çıxmasınlar. Çıxmaq məcburiyyətində qalırlarsa, mütləq kölgə ilə hərəkət etsinlər”.

Həmçinin, günvurma təhlükəsindən qorunmaq üçün yüksək temperaturlu günlərdə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, qoruyucu eynək və şapkalar taxmaq, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur. Odur ki, qızmar yayın təhlükəsindən bəribaşdan məlumatlı olmaqda fayda var.

Aişə Rzayeva