• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1653
— 17.06.2023 19:32

Azərbaycan Prezidentinin Tatarıstan Respublikasının Rəisi ilə görüşü olub

KepezTV Player

Prezident İlham Əliyev və ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışında iştirak ediblər. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı 200 hektar ərazini əhatə edir. Burada sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırılır. Rusiya və Azərbaycan birgə müəssisəsi olan “Avto Lizinq Azərbaycan” MMC tərəfindən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 3 hektar ərazisində texniki servis mərkəzi yaradılıb. Mərkəzdə işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunan 1500-dək avtomobilə, həmçinin yüklərin daşınmasını həyata keçirəcək tranzit avtomobillərə və digər texnikalara peşəkar xidmət göstəriləcək. Ümumi investisiya həcmi 10,2 milyon manat olan müəssisənin inşasına artıq 9,4 milyon manatdan çox investisiya yatırılıb. 
Prezident İlham Əliyev və Rüstəm Minnixanov Zəngilan rayonunun Ağalı kəndində də olublar, elektromobillərlə yaşayış məntəqəsini gəziblər. Bu günədək Böyük Qayıdış çərçivəsində Ağalı kəndinə ümumilikdə 86 ailə - 420 nəfər köçürülüb. Ağalıda məskunlaşan sakinlər yüksəkkeyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar. Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediliblər. Prezident İlham Əliyev və Rüstəm Minnixanov Ağalı sakinləri ilə görüşüb söhbət ediblər. 
Ağalıda Azərbaycan Prezidentinin Tatarıstan Respublikasının Rəisi ilə görüşü olub. Münasibətlərin, əməkdaşlığın inkişafından söz açılıb.