17 iyun Tibb İşçilərinin Peşə Bayramı Gününü media nümayəndələri Kəlbəcərdə yeni istifadəyə verilən hospitalda, bu şərəfli sahədə çalışanlarla birgə qeyd ediblər. Hərbi tibb müəssisəsində çəkiliş aparalanlar arasında televiziyamızın əməkdaşları da olub.
Kəlbəcər hospitalı ötən ayın sonunda istismara verilib. 3,6 hektar ərazidə yaradılan hərbi xəstəxanada hərbi qulluqçuların müayinə və müalicəsi üçün müasir tələblər səviyyəsində imkanlar yaradılıb.
Kəlbəcər hospitalında yaradılan şərait nəticəsində hətta ağır yaralıları belə digər xəstəxanalara köçürmədən əməliyyat etmək imkanı var.
Hərbi hospitalda poliklinika, terapiya, cərrahiyyə, anesteziologiya-reanimasiya bölmələrindən ibarət birinci müalicə korpusu, yoluxucu xəstəliklər və dəri xəstəlikləri bölmələrindən ibarət ikinci müalicə korpusu var. Poliklinika bölməsində oftalmoloq, otorinolarinqoloq, kardioloq, stomatoloq, nevroloq, psixiatr, fizioterapevt və digər kabinetlər yaradılıb. Təcili yardım otağında ilkin yardım göstərmək üçün hər cür şərait mövcuddur.
Yeni istifadəyə verilən Kəlbəcər hospitalı sülh dövrü 180 çarpayılıqdır. Ancaq döyüş vəziyyəti zamanı çarpayıların sayını 300-dək artırmaq mümkündür.
Hospitalın personalı bir sıra döyüş əməliyyatlarda yaralanan hərbçilərə tibbi yardım göstəriblər. Əvvəlki hospitalda bəzi çətinliklərin olduğu deyən tibb işçiləri, yeni hərbi tibb müəssisəsində pasiyentləri sağaltmaq üçün daha yaxşı şəraitin yaradıldığını söyləyiblər.
Hospitalda iki əməliyyat otağı fəaliyyət göstərir. Laboratoriya bölməsində ən müasir cihazlar quraşdırılıb. Hospitalda çalışan tibb bacıları işğaldan azad olunan ərazimizdə xidmət göstərdiklərinə görə fəxr duyurlar.
Peşə bayramlarını Kəlbəcərdə, ailələrindən kənarda, iş başında qeyd edən tibb işçiləri həmkarlarını bu gün münasibətilə təbrik də ediblər.
Hospitalın avtomobil parkına reanimobillər, yolsuzluq şəraitində təxliyə üçün ambulanslar, çöl şəraitində hərbi qulluqçulara tibbi xidmət göstərilməsi üçün avtomobillər daxildir. Hərbi xidmətdə olan övladlarının sağlamlıqlarından nigaran qalan valideynlər tam əmin ola bilərlər ki, Kəlbəcərdə müasir tələblər səviyyəsində qurulan hospitalda hərbi qulluqçuların müayinə və müalicəsi yüksək səviyyədə təmin edilir.
Orxan Cəfərzadə
- Baxış: 462