Dünyanın 14 ölkəsini təmsil edən 35 səyyahın Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Səyahətçilər əvvəlcə Ağdamda Minatəmizləmə Agentliyinin əməliyyatlarını izləyiblər. Daha sonra Ağdamda Ermənistanın işğal dövründə törətdiyi dağıntılar, azad edildikdən sonra rayonda aparılan böyük quruculuq işləri ilə tanış olublar. Xarci səyyahlar Talış kəndini, həmçinin Suqouvşan su anbarını da ziyarət ediblər.
14 ölkədən gələn səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura səfərinə ilk olaraq Ağdamdan start verilib. Qonaqlara minalı sahələr barədə məlumat verilib. Daha sonra səyahətçilər Baş Qərvənd kəndi ərazisində aşkarlanan minaların yerində zərərsizləşdirilməsini izləyiblər.
“Ağdamdakı dağıntılar çox böyük təəssüf hissi doğurur”. Daha əvvəl dağıdılmış, tərk edilmiş şəhərlərdə olsam da burda gördüyüm mənzərə tamam başqadır”, - deyən Birləşmiş Ştatların Florida ştatından olan səyyah Ron Berq bu cür səfərlərin Azərbaycanın mövqeyinin beynəlxalq arenada anlaşılması baxımından önəmli olduğunu bildirib.
Ron Berq- səyyah: “Azərbaycana ilk dəfə uzun müddət əvvəl – Sovet dövründə gəlmişdim, lakin bu, Qarabağa ilk səfərimdir. Məndən əvvəl bura gəlmiş dostlarım var, əlbəttə, bu dağıntıları görmək insanda təəssüf hissi doğurur. Səfərlər Azərbaycanın bu vəziyyətlə bağlı baxışını öyrənmək baxımından da yaxşıdır. Mən daha əvvəl dağıdılmış, tərk edilmiş şəhərlərdə olmuşam, lakin düzü bu cür qəsdən və tam dağıdılmış şəhərdə ilk dəfədir oluram. Bu, çox təsirlidir”.
Filippinli səyyah Eden Kendi Ağdamdakı vəziyyətin ona Yaponiyanın Naqasaki şəhərinə atom bombasının atılmasını xatırlatdığını bildirib.
Eden Kendi- səyyah: “Bu, Azərbaycana - Bakıya və Qarabağa ilk səfərimdir. Mən bu yer haqqında daha əvvəl eşitməmişdim. Bu şəhərin potensialı məni heyrətə gətirir. Burada minaların zərərsizləşdirilməsi işləri, partlayışlar, dağıntılar mənə Naqasakinin bombalanmasını xatırladır. Müharibədən əziyyət çəkən insanların yaşadığı hisslər çox çətin olmalıdır. Ümid edirəm, buradakı bütün minalar təmizlənər və yenidən gözəl bir şəhər inşa edilər, insanlar öz xoşbəxt həyatlarına geri qayıdarlar”.
Nümayəndə heyəti daha sonra Tərtərin Talış kəndinə baş çəkiblər. Qonaqlar yaşayış məntəqəsinin işğaldan sona necə bərpa olunduğunu izləyib, 30 illik vətən həsrətindən sonra doğma torpaqlarına qayıdan sakinlərə yaradılan şəraitlə tanış olublar. Talış kəndindən sonra səyyahlar Suqovuşan su anbarına da gediblər. Qonaqlara su anbarının yaranma tarixindən danışılıb.
Ty Mabry- səyyah: “Səfərə çox gözəl memarlığı olan Bakıdan başladıq və Qarabağa gəldik. Buradakı vəziyyət həqiqətən də ürək ağrıdır. Bu dağıntıları görmək və hiss etmək olduqca əvəzolunmaz təcrübə oldu”.
Beynəlxalq səyahətçilər 4 gün ərzində Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa avtomobil yolu marşrutu üzrə hərəkət edəcəklər. Səfər dünyaca məşhur Most Travld People təşkilatı tərəfindən təşkil olunub.
Azad Mustafayev
- Baxış: 178