"Seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni ümidlər açılır". Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı belə deyib. Türkiyə Prezidenti bildirib ki, Bir millət, iki dövlət kimi bundan sonra da yolumuza davam edəcəyik. Birgə bəyanatda bir sıra önəmli məsələlərdən də danışılıb...
"Türkiyə ilə ticarət dövriyyəmiz sürətlə artıb, illik 6 milyard ABŞ dollarına yaxınlaşıb və bundan sonra da artacaq. Artımı birlikdə həyata keçirəcəyimiz layihələr təmin edəcək". Prezident İlham Əliyev Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla mətbuata verdikləri birgə bəyanatda belə deyib. Dövlət başçısı Azərbaycanın Türkiyəyə təbii qaz ixracının artdığını bildirib, bərpa olunan enerji sahəsindəki əməkdaşlıqdan da danışıb.
İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Enerji sahəsində bizim işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Biz bu gün yenilənən, yəni bərpa olunan enerji növləri üzrə əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi məsələlərində biz fəal əməkdaşlıq edirik”.
Dövlət başçısı Zəngəzur dəhlizinin əhəmiyyətinə da toxunub, dəhlizin açılmasının qaçılmaz olduğunu deyib. Bu dəhlizin bütün ölkələr üçün yeni imkanlar açacağını və bölgədə işbirliyi məsələlərinə müsbət təsir göstərəcəyini bildirib. Prezident İlham Əliyev Orta Dəhlizin önəminə də diqqət çəkib.
İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “İndiki geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır. Azərbaycan üzərindən, Xəzər dənizi üzərindən gedən yüklərin həcmi ildən-ilə artmaqdadır və daha da artacaq. Ona görə biz Azərbaycanda öz nəqliyyat və logistika imkanlarımızı genişləndiririk. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilib çıxarılır”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizinin əhəmiyyətini vurğulayaraq Türkiyə ilə Naxçıvan arasında nəqliyyatın asanlaşacağını deyib.
Rəcəb Tayyib Ərdoğan- Türkiyə Respublikasının Prezidenti: “Azərbaycanın da müharibədən sonra üzərində həssaslıqla durduğu məsələ infrastruktur, yollardır. Bütün tunellər, çəkilən yollar Azərbaycanın İkinci Qarabağ savaşından sonra necə inkişaf etdiyini göstərir. İyirmi il əvvəl Bakını və indi də Qarabağı da düşünürəm”.
Türkiyə Prezidenti yaxın gələcəkdə Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə başlayağacağının anonsunu da verib. Onun sözlərinə görə, bununla bağlı qanunvericilik səviyyəsində addımlar atılacaq.
Rəcəb Tayyib Ərdoğan- Türkiyə Respublikasının Prezidenti: “Bu addımı atdığımız anda Türkiyə-Azərbaycan arasında belə bir universiteti qurmanın gecikdiyini hiss etdik. Bunu bacaracağıq, beləcə Azərbaycanlı qardaşlarımızın Türkiyəyə rahatlıqla gələ biləcəkləri kimi, Türkiyəli gənclər də eyni şəkildə Azərbaycandakı universitetdə oxuma şansını əldə edəcəklər”.
Liderlərin mətbuata birgə bəyanatında hərbi əməkdaşlıqdan da söz açılıb. Azərbaycan Ordusunun Türkiyə modeli əsasında inkişaf etdiyi vurğulanıb. Bu il 16 birgə hərbi təlimin keçiriləcəyini, onlardan 6-nın artıq baş tutduğu bildirilib.
Azad Mustafayev
- Baxış: 185