Ötən gün mülki geyimli erməni hərbçi "Laçın" sərhəd-buraxılış məntəqəsindən geri qaytarılıb. Bu, ermənilər arasında təşviş yaradıb. Siyasətçilər deyir ki, ərazilərimizə mülki geyimli separatçıların göndərilməsi danışıqları kölgədə qoyur, sülh müqaviləsinin imzalanması işini ləngidir.
Artıq Xankəndinə terrorçu, separatçı buraxılmır. Ermənistandan Xankəndinə getmək istəyən mülki geyimli hərbçinin Laçın sərhəd-buraxılış məntəqəsindən buraxılmaması deyilənlərin əyani sübutudur. Bu, şübhəsiz ki, Azərbaycan tərəfində güclü məlumat bazasının olması ilə əlaqədardır. Faktı ermənilər də etiraf edib və məsələdən narahat olduqlarını deyiblər. Məlumatların Azərbaycan tərəfində dəqiq olması onları nəinki heyrətə gətirib, eyni zamanda onları acı reallıqla üz-üzə qoyub.
Elxan Şıxəliyev- hərbi ekspert: “Sərhəd-buraxılış məntəqəsindən adətən vətəndaş çıxarkən ya vətəndaş daxil olarkən ölkəyə daxil olmanın əsas səbəblərindən biri onun sənədlərinin qaydasında olmamasından baş verir. Qarabağdakı separatçı rejim və onun tabeçiliyindəkilər, Ermənistandakı ermənilər bilməlidirlər ki, artıq bu yoldan istifadə edəcəklərsə, beynəlxalq hüquq nəyi gərəkdirirsə sərhədimizdə onunla qarşılaşmaq məcburiyyətində qalacaqlar”.
Laçın-Xankəndi yolunda sərhəd-keçid və nəzarət məntəqəsi sülh və təhlükəsizliyi təmin edir. Burada məlumatların dəqiq yoxlanılmasından Ermənistan tərəfi narahatdır. Siyasi şərhçilər deyir ki, Ermənistan bilərəkdən separatçıları, diversantları Azərbaycan ərazilərinə göndərir. Bu isə sülh prosesinə zərbədir.
İlyas Hüseynov- siyasi şərhçi: “Nəzarət buraxılış məntəqəsi ilə bağlı qlobal miqyasda geniş auditoriyaya saxta və yalan məlumatlar çatdırılır. Blokada, etnik təmizləmə kimi damğa vurulan bu təbliğata da son qoymaq lazımdır. Bu, təhlükəsizliklə bağlı keçirilən danışıqları da kölgə altında qoyur. Ermənistan bununla sülh prosesinə qarşı çıxır və sülh müqaviləsinin imzalanması işini ləngidir”.
Görünən odur ki, ermənilər onlara verilən şansdan faydalanmaq istəmirlər. Öz məkirli siyasətlərini davam etdirirlər. Hər kəsə məlumdur ki, Laçın sərhəd-keçid və nəzarət məntəqəsi qurulmazdan əvvəl də Ermənistan tərəfinə şərait yaradıldı. Qarabağda yaşayan ermənilərin gediş-gəlişini asanlaşdırmaq məqsədilə yol ayrıldı. Lakin onlar bu yoldan qeyri qanuni fəaliyytlərini həyata keçirmək məqsədilə istifadə etdilər. İndi məkrli niyyətlərini sərhəd-keçid və nəzarət məntəqəsində də tətbiq etməyə cəhd edirlər. Lakin nəzarət Azərbaycandadır və separatçıların bu məntəqədən girişinə imkan verilməyəcək.
Fərid Mehdiyev
- Baxış: 248