Mayın 30-u saat 11:55-dən saat 16:25-dək Ordumuzun Ağdam və Şuşa rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə fasilələrlə atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam rayonunun Çuxurməhlə, Füzuli rayonunun Yuxarı Veysəlli, Laçın rayonunun Xırmanlar və Kəlbəcər rayonunun Mərcimək yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb. Müdafiə Nazirliyinin yaydığı məlumatda eləcə də, mayın 29-u saat 19-dan mayın 30-u saat 03:55-dək Ordumuzun mövqelərinin ümumilikdə 19 dəfə fasilələrlə atəşə tutulduğu qeyd edilir. Bunlardan 4-ü Ermənistan silahlı qüvvələrinin bölmələrinin İstisu, Tovuzqala rayonunun Çinarlı və Aygepar, Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Əsrik Cırdaxan və Əlibəyli, Kəlbəcər rayonunun Dəmirçidam və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutması ilə baş verib. Digər 15 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Ağdam, Şuşa və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin atəşə tutulması ilə qeydə alınıb.
- Baxış: 357