Dövlət Statistika Komitəsi ötən il ölkə üzrə ilk dəfə vərəm diaqnozu qoyulan xəstələrin sayını açıqlayıb. Ümumilikdə 2877 nəfər sözügedən xəstəliyə düçar olub. Bəs görəsən Qərb bölgəsində vərəmə yoluxma ilə bağlı vəziyyət necədir?
Əsasən hava-damcı yolu ilə yayılan xəstəliyə ötən il Gəncə və ətraf rayonlarda yoluxanların sayında azalma müşahidə olunub. 2021-ci ildə Gəncə şəhər Vərəm Əleyhinə Xəstəxanaya yoluxma ilə bağlı müraciət edən 103 nəfər olubsa, 2022-ci ildə bu say 81-ə enib. Vərəmə yoluxanların əksəriyyəti yan xəstəlikləri olanlar, yəni şəkərli diabet və onkoloji xəstələrdir. Bundan başqa ilkin diaqnoz qoyulan şəxslər arasında koronavirusa yoluxub, sağalanlar çoxluq təşkil edir.
Xəstəliyə düçar olmamaq üçün pis vərdişlərdən kənar durmaq və şəxsi gigiyenaya diqqət etməyin vacib olduğunu deyən mütəxəssislər, vərəmlə mübarizədə erkən müdaxilənin həyati əhəmiyyət daşıdığını bildirirlər.
Vərəmlə bağlı informasiyası az olan insanlar bu xəstəliyin yalnız ağciyərlərə təsir etdiyini düşünürlər. Halbuki insanın digər orqanlarının da vərəm mənşəli zədələnməsi mümkündür.
2023-cü ilin 5 ayı ərzində Gəncə və ətraf rayonlarda ilk dəfə vərəm diaqnozu qoyulan xəstələrin sayı 32 olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə azlıq təşkil edir.
Orxan Cəfərzadə
- Baxış: 277