Prezident İlham Əliyev Kəlbəcər rayonuna səfər edib. Dövlət başçısı Kəlbəcərdə Yanşaq kəndinin təməlini qoyub. Kənddə ümumilikdə 421 ailənin məskunlaşması planlaşdırılıb. Yaşayış məntəqəsinin salınması üçün 121 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub.
Dövlət başçısı Zallar kəndinin təməlqoyma mərasimində də iştirak edib. 137 hektar torpaq sahəsini əhatə edən kənddə ümumilikdə 487 ailənin məskunlaşması nəzərdə tutulub. Burada Yanşaq kəndi kimi, evlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə olunacaq.
Kəlbəcərdə “Qamışlı” Kiçik Su Elektrik Stansiyasının açılışı da olub. Rayonu tərk edərkən ermənilərin avadanlıqlarını daşıyaraq tamamilə dağıtdıqları Stansiya “AzərEnerji” tərəfindən tamamilə yenidən tikilib. Burada ümumilikdə il ərzində 18,5 milyon kilovat-saat ekoloji cəhətdən təmiz yaşıl hidroenerjinin istehsal edilməsi nəzərdə tutulur.
“Meydan” Kiçik Su Elektrik Stansiyasının açılışını edən Prezident İlham Əliyevə məlumat verilib ki, ermənilər tərəfindən partladılaraq yandırılan və avadanlıqları daşınan, Tərtərçayın sol qolu olan Meydan çayının üzərindəki 3,4 MVt-lıq bu stansiya daha müasir və rəqəmsal qaydada yenidən qurulub. Kiçik Su Elektrik Stansiyasında il ərzində 10 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq. Prezidentə uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və 2021-ci ilin noyabrından 2023-cü ilin mayınadək ümumilikdə bu yolda və uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlər barədə də məlumat verilib.
Dövlət başçısı Kəlbəcərdə Hərbi hospitalın açılışında, yaşayış məhəlləsinin və 960 şagird yerlik məktəbin təməlqoyma mərasimlərində də iştirak edib.
Prezident İlham Əliyev Laçın rayonuna da səfər edib, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Qorçu” yarımstansiyasının açılışında, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin təməlqoyma mərasimlərində iştirak edib, Laçın şəhərində Aqro və Sənaye Parkında aparılan işlərlə tanış olub. Prezident İlham Əliyev, həmçinin 110/35/10 kv-luq “Laçın şəhər” yarımstansiyasının açılışında iştirak edib, Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub.
- Baxış: 381