• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 742
— 07.05.2023 20:20

Ürəyini futbolda qoyanlar

KepezTV Player

Yaşıl meydanlarda zaman-zaman məşq və oyunlar zamanı futbolçular ya zədə ya da ürəyində yararan problemlər səbəbindən səhhəti ilə bağlı çətinliklərlə üzləşirlər. Ürək amili ilə bağlı ölüm faktlarının qeydə alındığı olaylar da az deyil. Sonuncu belə hadisə “Qarabağ”ın əvəzedici heyətinin məşqində Şirxan Hüseynzadənin qəfildən halının pisləşərək komaya düşməsi olub. Bəs bu kimi halların qarşısını almaq üçün nə etmək lazımdır? Oyunçular, məşqçilər və həkimlər işini necə qurmalıdırlar ki, belə xoşagəlməz durum yaşanmasın? Əməkdaşımız Orxan Cəfərzadə bu haqda süjet hazırlayıb.

“Kəpəz”in qapıçısı Kamran İbrahimovun səhhətində problem məşq zamanı yaranıb. Başından ağır zərbə alan əlcək sahibi huşunu itirib və uzun müddət futboldan uzaq düşüb.

Çərçivə qoruyucusu neqativ halların qarşısını almaq üçün futbolçularla komandanın həkimləri arasında qarşılıqlı əlaqələrin qurulmasının vacib olduğunu bildirib.

Şübhəsiz ki, futbolçuların səhhəti ilə bağlı ən böyük yük həkimlərin üzərinə düşür. Bu sahə üzrə böyük təcrübəsi olan “Kəpəz”in həkimi Şıxəli Həsənovun sözlərinə görə, oyunçuların səhhəti ilə əlaqədar xoş olmayan hadisələrin baş verməməsi üçün bir sıra prosedurların yerinə yetirilməsi mütləqdir.

Həkimlərin futbolçuların məşqdə və oyunda ilk öncə xarici görünüşünə diqqət edərək onları daim nəzarətdə saxlamalı olduqlarını söyləyən Şıxəli Həsənov səmimi mühitin yaradılmasının da çox önəmli olduğunu ifadə edib.

Müxtəlif vaxtlarda Patrik Ekenq, Vivien Foe, Miklos Feher kimi futbolçular oyun zamanı səhhətlərində yaranan problemlər səbəbindən həyatlarını itiriblər. Kristian Eriksen və Osman Kolibali isə eyni aqibəti yaşasalar da, xoşbəxtlikdən sonra da yaşıl meydanlara qayıda biliblər. Mütəxəssislərin fikrincə, bu cür durumlarda klublarda çalışan fiziki məşqçilər də həkimlər qədər məsuliyyətli olmalıdır.

Məsələ ilə bağlı səslənən fikirlərə əsasən onu demək olar ki, futbol kollektiv idman növü olsa da, hər bir oyunçuya fərdi şəkildə yanaşılmalıdır. Son nəticədə bu işdə həm məşqçilər, həm həkimlər, həm də futbolçuların özləri böyük məsuliyyət daşıyırlar.

Orxan Cəfərzadə