Fransanın Avropa və xarici işlər naziri Katrin Kolona və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın birgə mətbuat konfransında Fransa naziri tərəfindən səslənmiş əsassız iddialar qəbuledilməzdir. Azərbaycanı Ermənistanın ərazilərinə müdaxilədə ittiham edən əsassız iddiaları səsləndirənlərə 30 il ərzində işğal və etnik təmizləmə siyasətini aparan tərəfin Ermənistan olduğunu xatırlatmaq istərdik. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. "Xatırladaq ki, Ermənistan tərəfi indiyə qədər hələ də Azərbaycan ərazisindən silahlı qüvvələrini tam olaraq çıxarmayıb, Azərbaycanın 8 kəndini işğaldan azad etməyib və hərbi-siyasi təxribatları davam etdirir. Bununla yanaşı, Azərbaycanın daxili işi olan öz suveren ərazisində sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etməsinə qarşı müdaxilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə ziddir. Fransa tərəfinin qərəzli yanaşmalar sərgiləməsi əvəzinə, Ermənistanı razılaşmalardan irəli gələn öhdəliklərin yerinə yetirməsini təşviq etməsi və Azərbaycana qarşı təxribatlardan çəkindirməsi daha faydalı olardı", - deyə nazirlikdən açıqlanıb.
- Baxış: 276