Bu gün səhər açılar-açılmaz gələn xəbərlərdən biri yanğınla bağlı oldu. Yanan isə xəstəxana idi, daha doğrusu tüstülənən. Abbas Səhhət adına xəstəxananın mərkəzi korpusu. Təəssüflə qeyd edirik ki, hadisə tələfatsız ötüşmədi.
Xəstəxanada yanğınla bağlı 112-ə zəng 10-a 8 dəqiqə qalmış daxil olub. 6 dəqiqədən sonra hadisə yerində olan yanğınsöndürənlər və Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin qüvvələri yanğının beşmərtəbəli xəstəxana binasının zirzəmisində baş verdiyini müəyyən ediblər. 3 ədəd elektrik lövhəsində baş verən yanğın tüstülənmə ilə müşayiət olunub.
Tüstü xəstəxana binasının bütün mərtəbələrini bürüdüyündən zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilib. 58 nəfər xəstə və 90 nəfər xəstəxana personalı təhlükəsiz əraziyə təxliyə olunub.
Hadisə zamanı zərər çəkən və xəstəxanada reanimasiya, cərrahiyə, doğum, genikologiya, urologiya və travmatologiya şöbələrində müalicə alanlar digər tibb müəssisələrinə təxliyyə ediliblər. Onlar Gəncədəki Təcili Tibbi Yardım Xəstəxanasına, Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə, Gəncə Perinatal Mərkəzinə, şəhərdəki özəl xəstəxanalardan birinəa yerləşdiriliblər. Xəsarə alanlardan 3 nəfər tibb müəssisəsinin əməkdaşıdır. Xəstələrin vəziyyətlərinin normal olduğu bildirilir.
Hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib. Xəstəxanaın reanimasiya şöbəsində müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədovanın ölüm səbəbi ilə bağlı tibbi ekspertiza təyin olunub.
Hadisə ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır.
- Baxış: 248