Mundiala yollanan ilk gəncəli qadın cüdoçu
Gəncə ilk dəfə olaraq cüdo üzrə böyüklər arasında dünya çempionatında qadınların yarışında təmsil olunacaq. Söhbət Könül Əliyevadan gedir. Nizami yurdunun yetirməsi Qətərdə keçiriləcək mundialda yığma komandanın heyətdə yer alıb.
Bunadək Gəncədən heç bir qadın cüdoçu dünya çempionatında iştirak etməyib. Ona görə ilin ən mötəbər yarışına qatılacaq Könül Əliyeva ölkənin ikinci böyük şəhərinin cüdo tarixinə düşəcək. Düzdür, əsasən gənclərdən ibarət yığmada çıxış edən xanım tatami ustasına məşqçilər korpusu böyük etimad göstərib və onu ilk dəfə böyüklərin dünya çempionatında heyətə daxil ediblər. 48 kq çəkidə güləşən gəncəli cüdoçu əməkdar məşqçi Xanəhməd Rzazadənin yetirməsidir.
Qətərdəki dünya çempionatına Gəncədən Könül Əliyeva ilə yanaşı kişilərin yarışına 60 kq-da Turan Bayramov da yollanacaq. Hər iki idmançının uğur qazanmasına ümid böyükdür.
Mundial Qətərin paytaxtı Dohada 7-14 may tarixləri aralığında keçiriləcək. Dünya çempionatında Könül Əliyeva və Turan Bayramov həm fərdi, həm də komanda yarışlarında millimizin şərəfini qoruyacaq.
- Baxış: 444