Goranboyda iki ailə arasında silahlı insident baş verib. Belə ki, kənd sakini odlu silahla hücum edərək, digər şəxsi yaralayıb. Bundan başqa, onun həyat yoldaşı və oğluna isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Daha ətraflı təfərrüatları hadisə yerində olan əməkdaşımız Elnur Vahidoğlu danışacaq.
Silahlı insident Goranboy rayon mərkəzindən təxminən 40 km aralıda yerləşən Börü qəsəbəsində baş verib. Rayonun Ağca kəndində yaşayan Xocalı rayon sakini, 61 yaşlı İsax Məmmədov atını Börü qəsəbəsində məskunlaşan Xocalı rayonu, Cəmilli kənd sakini, 56 yaşlı Elxan Zamanovun otlaq sahəsinə bağlayıb. Bunu görən Elxan Zamanovun oğlu 17 yaşlı Asəf Yunisli ondan atını oradan çıxarmasını istəyib. Bu istək də tərəflər arasında mübahisəyə səbəb olub. Lakin, İsax Məmmədov yaşadığı evə gələrək odlu silah götürərək övladları 30 yaşlı Surət Məmmədov, 25 yaşlı Samir Məmmədov və həyat yoldaşı 57 yaşlı Şəfiqə Əliyeva ilə birlikdə Asəf Yunislinin evinə hücum ediblər.
İsax Məmmədov və onun ailə üzvləri avtomobili burada saxlayıb. Daha sonra ailə üzvləri əllərində silahla o qapıdan içəri daxil olublar. Elxan Zamanov onun qarşısına çıxdıqda ilk öncə ona atəş açıblar.
Üz nahiyəsindən yaralanan Elxan Zamanova, daha sonra isə səsə gələn Məmmədovlar ailəsinin üzvlərinə tüfəngin qundağı ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Elxan Zamanovun həyat yoldaşı 47 yaşlı Manya Zamanova və oğlu Asəf Yunisli bu səbəbdən yaralanıb.
Yaralı - Xocalı rayonu, Cəmilli kənd orta məktəbində kimya müəllimi və direktor müavini işləyən Elxan Zamanov dərhal yaxınlarının köməkliyi ilə Gəncədəki özəl xəstəxanalardan birinə gətirilərək, üz nahiyəsindən əməliyyat olunub. Daha sonra hər üç ailə üzvü Goranboy rayon mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Burada onlara tibbi yardım göstərilib.
Faktla bağlı Xocalı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.
Elnur Vahidoğlu
- Baxış: 381