Sağlamlıq xoşbəxt həyatın əsas şərti və təminatıdır.
Sağlamlıq bir həyat tərzidir. Özünə güvən və inamın göstəricisidir.
Sağlamlıq heç bir xəzinə ilə müqayisə edilməyəcək dərəcədə dəyərli bir sərvətdir!
Sağlamlığı əldə etmək asan, qoruyub saxlamaq çətindir!!
Məhz elə ona görə də, yaşadığımız dövrdən aslı olmayaraq can sağlığımızı ön plana çəkmək üçün 1950-ci ildən başlayaraq Ümumdünya Sağlamlıq Gününü hər il aprelin 7-də qeyd edirik. Həmin gün diqqəti əsas ictimai səhiyyə məsələlərinə yönəltmək üçün qlobal bir imkandır. Artıq dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan da həmin təşkilata üzv qəbul olunub. Səhiyyə hər bir ölkə üçün ən vacib sahələrdən biridir. Səhiyyə inkişaf edirsə, insanların sağlamlığı etibarlı qorunursa, o zaman ölkə də inkişaf edəcəkdir. Səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən ardıcıl tədbirlər tibbi xidmətin səviyyəsinin xeyli yüksəlməsində, demoqrafik göstəricilərin yaxşılaşmasında əsaslı dönüş yaradıb. Respublikamızda hər il bu gün müxtəlif sağlamlıq problemləri ilə bağlı ölkə sakinlərinə xəbərdarlıq edilir. Bu il də səhiyyə işçiləri aktual mövzulardan olan artan xəstəliklər və viruslardan danışaraq, insanları bununla bağlı maarifləndirməyi qərara alıblar. Baharın gəlişi ilə artan xəstəliklər sırasına daha çox yoluxucu xəstəlikləri aid etmək olar. Bu mövsümün gəlməsi ilə onların keçiciliyi artır və daha çox insana yoluxur. Virus, xəstə insanların asqırması, öskürməsi, bir sözlə, hava-damcı yolu ilə ötürülür. Mütəxəssislər bildirirlər ki, yayılan viruslardan başqa yaz aylarında bitkilərin aktiv şəkildə çiçəkləndiyi, havada xeyli miqdarda çiçək tozcuqları olduğu vaxtlarda uşaqlar arasında allergik xəstəliklərə daha tez-tez rast gəlinir.
Sakin: “Hər kəs yazın gəlməsinə, ağacların çiçəklənməsinə, yaz günlərində günəşli havalara sevinsə də, ancaq mən, buna onlar qədər sevinə bilmirəm, çünki, səhhətim buna icazə vermir. Bilirsiniz ki, allergik xəstəliklər yaz aylarında daha sürətlə artır. Bronxlarımda yaranan allergiya bu günlərdə mənə çox əziyyət verir. Gün şüası və ətrafda olan toz mənə tez təsir edir və o dəqiqə asqırıb, öskürməyə başlayıram. Bu, uşaqlıqdan məndə belədir, həmişə bu vaxtlar çölə çıxanda anam maska taxdırır. Maskanın tozun qabağını kəsdiyini düşünür. O vaxtdan hər zaman üstümdə tibbi maska olur, artıq öyrəşməyimə baxmayaraq, bu problemin yaxamı buraxmasını çox istəyirəm”.
Unutmayaq ki, sağlam həyat təkcə xəstəliklərdən uzaq həyat demek deyil, fiziki və mənəvi sosial dəyərlərin vəhdətidir. Bu vəhdəti qoruyaraq sağlamlığımızın qeydinə qalaq.
Lalə Bağırova
- Baxış: 284