• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1155
— 06.04.2023 20:05

Türk olmağımızı sübut edən Balçılı kurqanları

KepezTV Player

Azərbaycanın bir sıra ərazilərində ölkəmizin qədim tarixini sübut edən kurqanlara rast gəlmək mümkündür. Gəncə və şəhərin ətrafındakı düzən və dağətəyi yerlərdə də bu cür kurqanlar az deyil. Bunlar sırasında Balçılı kurqanlarını da göstərmək olar. Təbii ki, bu məkan haqda çoxları məlumatsızdır. Əməkdaşımız Orxan Cəfərzadə sözügedən kurqanların olduğu ərazidə çəkiliş aparıb. Ətraflı qarşıdakı süjetdə.

Adından da bəlli olduğu kimi, Balçılı kurqanları Göygöl rayonunda, eyniadlı kəndin yaxınlığında yerləşir. Tariximizin əyani sübutu olan bu qəbir abidələr eradan əvvəl 2-ci minilliyə aid edilir. Balçılı kurqanlarından qədim dövrə aid tunc, təbərzin, toppuz, nizə, iynə, bilərzik, düymələr, mismar, sümük əşyalar, saxsı məmulatı və digər əşya və alətlər tapılıb. Burada dəfn olunanlar daş qutu, quyu və dördkünc formalı torpaq qəbirlərdə basdırılıblar.

Araşdırmalar onu göstərir ki, kurqanlar Azərbaycanda Tunc dövründən sinifli cəmiyyətə keçidi əhatə edir. Burada bir-birinə yaxın olan 5 məzar var. Onlardan biri digər 4-ündən fərqlənir.

Balçılı kəndinin yuxarı hissəsində, yəni dağətəyi ərazidə yerləşən bu kurqanların yanında belə bir ziyarətgah da mövcuddur. İnsanlar müəyyən vaxtlar qurbanlarını gətirib burada kəsirlər. Ehtimal olunur ki, bu yer hər hansı böyük sərkərdənin kurqanı olub və insanlar burada belə bir ziyarətgah ucaldıblar. İlin müəyyən vaxtlarında kənddən və digər ərazilərdən gəlib, buranı ziyarət edirlər.

Türklərin simvolu olan kurqan ənənəsi bu gün də Gəncədə davam etdirilir. Amma, daha müasir formada, yəni sərdabə şəklində.

Məlumdur ki, Gəncədə şəhər mədəniyyətinin formalaşması 4000 illik tarixə dayanır. Bu zaman kəsiyində Nizami yurdunda tarixi məhəllələr mövcud olub ki, bunlar sırasında Balçılının da adı çəkilir. Amma müəyyən vaxtdan sonra coğrafi baxımdan Balçılı məhəlləsi yerini dəyişib. Ona görə Balçılı kuqanları ilə Gəncədə aşkarlanan kurqanlar arasında oxşarlıqlar çoxdur. Hər bir abidə özü-özlüyündə təkrarsızlığı və unikallığı ilə fərqlənir. Bu baxımdan Balçılı kurqanlarının araşdırılması, tədqiqatı mütləqdir. Bəlkə də lazımi tədqiqatlar həyata keçirilərsə, daha qədim dövrlərə aid yeni maddi sübutlar və faktlar üzə çıxacaq, tariximizin səhifələri yenidən yazılacaq.

Orxan Cəfərzadə