Son bir neçə aydır ki, avtomobilin ehtiyat hissələrinin qiymətində ucuzlaşma müşahidə edilir. Özü də proses davam etməkdədir. Bu hal, işi tez-tez ustaya düşən sürücüləri sevindirməyə bilməz. Elə Gəncə yollarında maşını dağılanlar da ucuzlaşan ehtiyat hissələrinin qiymətinin qalxmasında maraqlı deyil.
Avtomobil ehtiyat hissələri mağazalarında canlama müşahidə edilir. Alan da var, üstəlik satılan detalların qiymətində enmələr də. Ucuzlaşma ən çox Rusiya istehsalı olan avtomobillərin ehtiyat hissələrindədir. Qiymətlərin durmadan qalxması müşahidə edilirdisə, indi bu cür enmələr sürücüləri də, satıcıları da sevindirir.
Alim Hüseynov- sürücü: “Rusiya istehsalı olan maşına ehtiyat hissələri götürdük. Ehtiyat hissələrinin qiyməti əvvələ baxanda, çox düşübdür. Ən azı qiymətlərdə 5-6 manat fərq edir. 150 manata aldığımız ehtiyat hissəsini indi 120-125 manata alırıq. Hamısında çox azalma var. Əlbəttə bizə də xeyirdir”.
Fazil Ələsgərov- sürücü: “Usta ilə gəlmişəm. O dedi, aldıq. Deyir ki, sərf edir”.
Rusiya ilə yanaşı, digər xarici ölkələrin marka avtomobilləri üçün ehtiyat hissələri də əl yandırmır.
Ramin Allahverdiyev- sürücü: “Qiymət düşüb, qabağa baxanda, az da olsa fərq edir. Yağ, eləcə də filtrin qiyməti düşübdür. Qiymətlərdə fərq var”.
Aydın Musayev- satıcı: “Hal-hazırda xarici avtomobillər- “Hyundai”, “Kia”, “Mitsubishi”nin ehtiyat hissələrində qiymətlər aşağı düşüb. Qiymətlər 5-10 faiz aşağı düşüb”.
Ceyhun Atakişiyev- satıcı: “Qiymətlər enib. Əvvəl satdığım 22 manat olan yağların qiyməti enib, 18 manat olub. “Tiyaqa”lar 85 manat idi, indi düşüb, 60 manat olub”.
Avtomobillərin ehtiyat hissələrinin qiymətlərinin ucuzlaşmasını yaradan bir sıra amillər var. Ən vacib amil pandemiyadan sonra istehsalçıların satış imkanlarının artmasıdır.
Cəfər Cəfərov- ADAU-nun Maliyyə kafedrasının əməkdaşı: “Ehtiyat hissələrinin maya dəyərinin ucuz başa gəlməsidir. İstifadə olunan xammalın ucuz mənbələrdən əldə olunmasıdır. İki il pandemiyadan əziyyət çəkirdik. Müxtəlif ölkələr qapanmalara getdi. Bu qapanmalar nəticəsində xammalı əldə etmək daha çətin olurdu. Son dövrdə pandemiyanın səngiməsi, eyni zamanda ucuz xammalların əldə olunması həmin ehtiyat hissələrinin ucuz başa gəlməsinə səbəb olur və bunun nəticəsində də avtomobil ehtiyat hissələrinin qiymətində azalmalar müşahidə edirik”.
Proqnoz belədir ki, qiymətlərin enməsi qarşıdakı aylarda da müşahidə olunacaq.
Elnur Vahidoğlu
- Baxış: 271