Gəncə şəhər İcra Hakimiyyətində Azərbaycan Kubokunun qalibi olan “Gəncə” basketbol klubunun üzvləri ilə görüş keçirilib. İcra başçısı Niyazi Bayramov ilk dəfə reallaşan yarışda komandanın nailiyyətini yüksək qiymətləndirib, bunun Gəncə idmanı adına xüsusi uğur olduğunu deyib. Niyazi Bayramov şəhər idmançılarının fərdi idman növləri üzrə turnirlərdə daim fərqləndiyini bildirib. Komanda yarışında qazanılan kubokun isə “Kəpəz” futbol klubunun əvvəlki illərdə əldə etdiyi nəticəni nəzərə alaraq uzun aradan sonra ilk belə hal olduğunu vurğulayıb. Təbriklərə qoşulan millət vəkili Müşfiq Cəfərov da basketbolun Nizami yurdunda futbol qədər sevildiyini, azarkeşlərin oyunlar zamanı tribunaları doldurduğunu qeyd edib. “Gəncə”nin məşqçisi Rizvan Səfərov klubun fəaliyyətindən danışıb. “Sarı-göylər”in cari mövsümdə Azərbaycan çempionatında da uğurlu çıxış etdiyini bildirib. Əlavə edib ki, kubokdakı nəticəni çempionatda da təkrarlamaq arzusundadılar. Ölkə kuboku uğrunda yarış ilk dəfə keçirildiyindən mükafat birinci sahibində həmişəlik qalacaq. Trofey kollektiv idman növləri üzrə yarışlarda Gəncə adına qazanılan 5-ci kubok kimi tarixə keçib. Görüşün sonunda icra başçısına komandanın forması hədiyyə olunub. Niyazi Bayramov ev oyunlarına dəvət edilib.
- Baxış: 450