• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1284
— 04.04.2023 11:24

Aşıq sənəti: Sazın-sözün diyarı olan Azərbaycan

KepezTV Player

Aşıq sənəti şifahi Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Ta qədim zamanlardan aşıqlar elin ən hörmətli ağsaqqalı, məsləhətçisi, dostu sayılıblar. Onlara qədim dövrlərdə və orta əsrlərdə "ozan", "varsaq", "dədə" deyirdilər. Aşıqlar həmişə el içində yaşayıb, öz dövlətinin müdrik sənətkarı olublar. Aşıq yaradıcılığında xalqımızın çoxəsrlik tarixi, xarici düşmənlərə qarşı mübarizəsi, toy-düyünlərdə rəngarəng bədii boylarla öz ifadəsini tapırdı. Aşıq sənətinə qədim epik dastanları, xalqın azadlığını, qəhrəmanlığını, dostluğu, məhəbbətini vəsf edən mahnıları daxildir. Qədim dövrlərdə bu sənət babadan ataya, atadan oğula keçib. Oğullar ata-babalarının sənətinin davamçısı olublar.

Aşıq yaradıcılığının lirik janrında tərifləmələr, "gözəlləmə"lər xüsusilə məşhurdur. Bu "gözəlləmə"lər gözəl qadına, həm də qəhrəmana, məsələn, igid Koroğluya, onun əfsanəvi Qıratına həsr oluna bilər. Nə qədər qəbul etməsək də, doğruluğundan ənin olmasaq da, bir çox sənətdə olduğu kimi, aşıq sənətində də zamanla bir çox dəyişikliklər baş verib, dövrümüzün tələblərinə uyğunlaşıb.

Müasir Azərbaycan aşıqlarının əcdadı olan qədim ozanların həyatına, məhəbbətinə, vətənpərvərliyinə, igidliklərinə həsr edilmiş ən qədim yazılı mənbə, yeddinci əsrə aid olan "Kitabi Dədə Qorqud" xalq dastanıdır. Tarixən musiqi folklorunun bəstəkarların yaradıcılığına böyük təsiri olmuşdur. İlk dəfə aşıq musiqisinin xüsusiyyətlərindən bəstəkar Ü.Hacıbəyov "Koroğlu" operasında istifadə etmişdir. Müasir musiqinin texniki vasitələriylə aşıq musiqisinin xüsusiyyətlərini birləşdirən digər bəstəkar Qara Qarayev də onların vəhdətini yarada bilmişdir.
Aşıq yaradıcılığı özündə bir neçə sənət növünü birləşdirsə də, bu topluda başlıca yer ənənəvi havacatındır. Musiqili təsvir vasitələri və bədii ümumiləşdirmələrlə zəngin olan ənənəvi aşıq havacatı öz dəyişməz estetik dəyəri, cilalanmış dil-üslubu, dərin fəlsəfi mənalanma, əxlaqi yönümü ilə səciyyələndirilir.

Keçmişdən bu günə qədər gəlib çıxan və əcdadlarımızın əmanəti olan aşıq sənətini, yaşatdığımız və tanıtdığımız kimi, bundan sonra da xalq olaraq tanıtmağa davam edəcəyik.