Bir müddətdir ki, Gəncədə fəvvarələri hasara alınmış görürük. Şəhərin bir yox, bir neçə yerindəki bu qurğuların nə səbəbdən istifadədən kənar qaldığı ilə əməkdaşımız Aişə Rzayeva maraqlanıb. Səbəbini siz də biləcəksiniz.
Şəhər sakinləri, eləcə də şəhərimizin qonalarının daha çox sevdiyi, istirahətə gəldiyi, asudə vatlarını keçirdikləri parklar yaz və yay aylarında daha çox üz tutulan məkanlardır. Ancaq hazırda Gəncənin müxtəlif ərazilərində olan belə istirahət məkanlarındakı fəvvarələrin ətrafı hasarlarla örtülüb. Bu da buraya istirahətə gələn sakinlərin gözünü oxşamır.
“Xan bağı”nda, Cavad xan küçəsində, Gəncənin baş meydanında rastlaşılan bu mənzərə şəhərdə aparılan abadlıq-quruculuq işləri çərçivəsində yaranıb. Belə ki, şəhərin gözəlləşdirilməsinə xidmət edən işlər zamanı fəvvarələrin təmri də diqqətdən kənarda qalmayıb. Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında olan 6 böyük fəvvarənin yenilənməsi işləri görülür.
İlqar Əsədov- Gəncə şəhər MKTİB-in rəis müavini: “Təmir işlərinin aparılması üçün Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən tender elan olunub. Tenderin qalibi tərəfindən, hal-hazırda təmir işlərinin aparılması ilə məşğuldurlar. Gəncənin Heydər Əliyev Meydanındakı 2 ədəd fəvvarədə əsaslı təmir işləri, eyni zamanda, bizim şəhərin ən gözəl yerlərindən olan “Xan bağı”nda olan 2 ədəd fəvvarənin əsaslı təmir işləri aparılacaq. Eyni zamanda, Cavadxan küçəsində yerləşən digər 2 fəvvarənin isə təmir işləri hazırda aparılır”.
“Xan bağı” və Cavad xan küçəsində olan fəvvarələrin cari ilin aprel-may, şəhərin baş meydanında olan iki böyük fəvvarənin isə iyul-avqust aylarına təhvil verilməsi planlaşdırılır. Sonrakı mərhələdə şəhərin parklarında olan və meydanlarda yerləşən, təmirə ehtiyacı olan digər fəvvarələrin də yenidən qurulması nəzərdə tutulub.
Aişə Rzayeva
- Baxış: 300