Novruz Azərbaycanda qeyd edilən ən qədim bayramlardan olmaqla, ən sevimlisidir. Baharın gəlişini tərənnüm edən, birlik, bərabərlik və qardaşlıq rəmzi kimi dəyər alan bu bayram Nizami yudunda da coşqu ilə qeyd edilib.
Bu gün Gəncənin baş meydanında izdiham var idi. Şəhər əhli bir yerə cəm olub, baharın gəlişini həmrəy olaraq qarşılayırdı. Bayram əhval-ruhiyyəsi Novruz münasibəti ilə təşkil edilən “Xarıbülbül ətirli Bahar bayramı” adlı ümumşəhər tədbirində özünü qabarıq şəkildə göstərirdi. Hər kəs Gəncənin baş meydanına axın edərək bayramlaşmağa, tarixdən süzülərək bu günədək gələn Novruzu birgə qarşılamağa can atırdı.
Başdan-başa Novruz ab-havalı olan meydanda elimizin qədim adətinə uyğun olaraq əllərində şərbət olan milli geyimli qızlar, incəsənət, sənətkarlıq və yaradıcılıq sərgisi, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların istedadlı gənclərinin hazırladığı əl işləri bayram tədbirinin iştirakçılarında maraq yaratdı. Gəncə pəhləvanlarının, idmançıların nümunəvi çıxıları yetişən gənc nəslin nələrə qadir olduğunu bir daha göstərdi. “Aşıq deyişmələri”, rəqqasların, nağaraçalanların, musiqiçilərin bir-birindən rəngarəng nömrələri, Gəncə Dövlət Filarmoniyasının solistlərinin milli ruhda təqdim etdikləri mahnılar alqışlara layiq idi.
Müdrik el ağsaqqalı Dədə Qorqud və Bahar qızının iştirakçıları salamlaması, Keçəl və Kosanın maraqlı çıxışları, ənənə olan yumurta döyüşdürülməsi üzlərdə təbəssümə səbəb oldu. Gəncə Dövlət Kukla Teatrının nəhəng kuklalarının çıxışları, Gəncə Dövlət Dram Teatrı kollektivinin Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasının motivləri əsasında hazırladığı “Bazar meydanı” tamaşası hər kəsin ovqatına xoş çalarlar qatdı.
Gəncədə Novruz bayramı münasibətilə bayram yarmarkası təşkil olunub. Burada müxtəlif məhsullar alıcılara bazar qiymətindən daha aşağı qiymətə təklif olunur. Bununla yanaşı yarmarkada bayram əlval-ruhiyyəsi də yaradılıb ki, bu da sakinlərdə xoş ovqat yaratmağa hesablanıb.
Tədbir “Cəngi” musiqisinin sədaları altında cəngavərlər tərəfindən möhtəşəm Novruz tonqalının alovlandırılması ilə davam etdi.
Novruzda ocaq qalayıb üzərindən tullanmaq da qədim adətlərimizdəndir. Bu, Günəşin- yazın çağırılması mərasimidir.
Aişə Rzayeva
- Baxış: 416