• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1498
— 17.03.2023 12:05

Novruz bayramı

KepezTV Player

Təbiətin oyandığı, canlandığı zamanın yaxınlaşmasına çox az günlər qalıb. Bu ərəfədə insanlarında xüsusi təlaş  yaranır. Hər kəs nələrinsə ardınca qaçmağa başlayır. Lakin bu təlaşlar Novruzu qarşılamağa görədir. Novruz bayramında küsülülər barışır, qohumlar və qonşular bir-birinin evinə qonaq gedir.

Novruzdan əvvəlki son 4 çərşənbəyə ölkəmizdə xüsusi əhəmiyyət verilir. Novruzun yaradılışının mərhələlərini işarələyən 4 ünsür  - su, od, yel və torpaq – bunların tarixi çox qədimlərə dayanır.

Bu çərşənbələrin hər biri insanların yaşaması, bütün həyatın varlığı üçün vacib olan dörd ünsürdən birinə həsr olunur.

Novruz bayramı təmizlik bayramıdır. Bu ərafədə ev təmizliyi ən vacib təmizliklərdəndir, çünki biz evi qaydaya salaraq, sanki həyatımızı da qaydaya salırıq. 

Novruz bayramında torpaq oyanır, təbiət canlanır, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlməsindən xəbər verir. Qədim türklər bu oyanışı şən nəğmələr, milli adətlərlə qarşılamışlar. Bu bayramda hər şey canlanır, dirilir.

Qədim zamanlardan ta bu günə qədər Novruz bayramında qızlar sübh tezdən su gətirmək üçün bulağa gedərlər. Qədim türk düşüncəsində isə su hər şeyin başlanğıcı hesab olunur. Nənələrimizin dediyinə görə, təmiz su ilə bərabər evə ruzi-bərəkət, bolluq və təmizlik girərmiş. Bu, ildə bir dəfə həyata keçirilən  bir ənənə olub. Əvvəlki dövrlərdə bayram günlərində “su damar gətirdi”, “su haqdan gəlir” ifadələri qədim türkçülük mifologiyasından qaynaqlanmışdı.

Bayram axşamı hər bir evdə bayram xonçası hazırlanar, içinə qoğal, şəkərbura, paxlava, fındıq, qoz, boyanmış yumurtalar düzülər, süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyular,  həyət-baca təmizlənər. Ağsaqqallar, ağbirçəklər ziyarət edilir, qohum-əqrəbalar bir-birinə "bayram payı” aparır. Axşam isə hər kəs çalışır ki, öz evində olsun və ailəsi ilə birlikdə bayram süfrəsində əyləşsin. İnanclara görə, bayram günü öz evində olmayan şəxs yeddi il Novruz bayramında evində olmaz. 

Bayram günü ən çox görülən işlərdən biri də müxtəlif fallardır. Bu fallara adətən gənc qızlar baxırlar. Subay qızlar "qapıpusma” yəni, qulaq falına gedərlər. Qonşuların qapısına yaxınlaşıb, evdən eşitdikləri sözləri yozaraq, gələcək həyatları haqda müxtəlif mülahizələr edər, təzə ildə onları gözləyən hadisələri əvvəlcədən bilməyə çalışarlar. Buna görə də həmin gün hamı evdə xoş sözlər danışar ki, qapıdan qulaq asanlar naümid geri qayıtmasın.

Novruz  axşamı qızlar bulaqdan, "lal su" gətirər. Buna ona görə, "lal su" deyirlər ki, bu suyu gətirməyə gedən şəxs su gətirəcəyi qabı əlinə götürəndən ta suyu gətirib evdə, iynə salınacaq qaba tökənəcən dinməməlidir. Suyu qaba tökəndən sonra iki iynənin ulduzlu tərəfinə bir azca pambıq dolayır, birini qız, birini oğlan deyə fikirdə tutur (falı açılan şəxslər) və hərəsini bir tərəfdən ehtiyatla suya qoyurlar. Qovuşacaq adamlarda iynələr müxtəlif səmtlərə hərəkət etsələr də, axırda bir-birinə yaxınlaşıb bitişirlər. Əksinə olanda isə, iynələr o tərəf-bu tərəfə hərəkət edir və bir-birinə qovuşurlar.

Novruz axşamında həyətlərdə tonqal qalanır. Bütün ailə üzvləri tonqalın başına toplaşır, hər kəs "ağırlığım odda yansın” deyərək, tonqalın üstündən 3 dəfə atılır, bununla da köhnə ilin azar-bezarını, dərd-bəlasını özlərindən qovub təzə ilə sağlam canla qədəm qoyduqlarına inanarlar”. Sonra tonqalın üstünə üzərlik ataraq, il boyu evdən qada-bəlanın uzaq olmasını diləyirlər. İnama görə qalanan tonqalı heç vaxt su ilə söndürməzlər.

Min illərdir ki, xalqımız baharın, yazın gəlişini bayram edir, əsrlərin sınağından çıxmış adət-ənənələri qoruyub yaşadır. XXI əsrdə yaşasaq da, milli adət və ənənələrimizi bu gün də sevə-sevə yaşatmaqla keçmişimizə hörmət, gələcəyimizə ümidlə baxırıq.