Kəlbəcər işğaldan azad edildikdən sonra bu rayonun sakinləri ata-baba yurdlarına qayıtmağa səbirsizlənirlər. Kəlbəcərdən olan idmançılar - Kəlbəcər Kikboksinq Klubunun üzvləri də tezliklə fəaliyyətlərini doğma rayonda davam etdirmək arzusu ilə yaşayırlar.
Vətən müharibəsində qazanılan qələbəmizdə ordu sıralarında idmançılar da döyüşüb və zəfərdə onların da rolu böyük olub. Fiziki cəhətdən hazırlıqlı olan kikboksinqçilər də rinqlərdə olduğu kimi, döyüş meydanında da düşmənin üzərinə yeriyərək torpaqlarımızı əsarətdən xilas ediblər. Kəlbəcər Kikboksinq Klubunun yetirmələri də Vətən müharibəsində iştirak edərək Qarabağın azadlığı uğurnda şəhid və qazi olublar. Klub Kəlbəcər işğal altında olduğu dövrdə yaradılıb və hazırda Gəncədə fəaliyyət göstərir. Klubun rəhbəri və əksər üzvləri Kəlbəcərdəndir. İdman təsisatının yaradıcısı Yaşar İsgəndərov yaxın gələcəkdə məşqləri, yarışları doğma rayonlarında keçirmək arzusundadır.
Kikboksinq klubunun fəaliyyəti dövründə kəlbəcərli idmançılar bir çox uğurlara da imza atıblar. Klubun yetirmələri dəfələrlə Azərbaycan çempionatlarının və beynəlxalq yarışların qalib və mükafatçıları olublar. Sonuncu dəfə isə idmançılar Azərbaycan kubokunda yaxşı nəticələr əldə edərək 4 medala sahib çıxıblar.
2007-ci ildən fəaliyyətə başlayan Kəlbəcər Kikboksinq Klubunda uşaq, yeniyetmə, gənc və kişilərdən ibarət 4 qrupda məşqlər keçirilir. Bu idman növünün sirlərinə yiyələnən 100-dən çox kikboksinqçi doğma rayonda yaradılacaq idman qurğularında keçirəcəkləri məşqləri, iştirak edəcəkləri yarışları böyük həvəslə gözləyirlər.
Orxan Cəfərzad
- Baxış: 398