Azərbaycanın xarici siyasətində Çinlə əməkdaşlıq əsas prioritetlərdən biridir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edərkən deyib. Vahid Çin siyasətini, Çinin ərazi bütövlüyü və suverenliyini daim dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev əlaqələrimizin ildən-ilə güclənməsindən məmnunluğunu bildirib və ölkələrimiz arasında əməkdaşlığın yalnız müxtəlif siyasi platformalarda deyil, eyni zamanda, iqtisadi sahədə və “Bir kəmər, bir yol” çərçivəsində də genişləndiyini deyib. Dövlətimizin başçısı bu baxımdan Çindən Azərbaycan vasitəsilə qərb istiqamətində daşınan yüklərin həcminin artmasını bunun yaxşı nümunəsi kimi dəyərləndirib. Söhbət zamanı Çin şirkətləri işğaldan azad edilən ərazilərimizdə aparılan bərpa və quruculuq işlərinə dəvət olunublar. Qonaq Çinin ölkəmizin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini qeyd edib.
- Baxış: 219