• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 760
— 28.02.2023 20:25

Ermənistanın ziddiyyətli siyasəti

KepezTV Player

"Hazırda Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasına mane olur“.  Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib. İki ölkənin xarici işlər naziri Ermənistandakı vəziyyət, Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin qurulması və bir çox regional məsələlər ətrafında müzakirələr aparıblar.

"Ermənistanda yerləşdirilən Avropa İttifaqı missiyası legitimlik nöqteyi-nəzərindən ciddi şübhə doğurur. Rusiya xarici işlər naziri Sergey Lavrov həmkarı Ceyhun Bayramovun Ermənistanla bağlı fikirlərinin davamı olaraq bildirdi ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə görüşmək üçün yer dəfələrlə təqdim edilib. Buna əsasən demək olar ki, Azərbaycan üçtərəfli görüşə hazırdır, Ermənistan isə yekun razılıq vermir.

Sergey Lavrov- Rusiyanın xarici işlər naziri: “Ötən ilin dekabrında razılıq vardı ki, həmkarlarımızın Rusiya ərazisində növbəti görüşü keçirilsin. Erməni həmkarlarımız bu tədbirdə iştirak edə bilməyəcəklərini bildirdilər. Biz belə görüşü keçirməyə hazır olduğumuzu təsdiqlədik. Azərbaycan tərəfi də buna hazır olduğunu bildirib. Ermənistan tərəfi də buna etiraz eləmədiyini deyib, lakin hələlik yekun razılığı verməyib. Düşünmürəm ki, biz öz xidmətlərimizi təklif etməkdə təkid edəcəyik”.

Laçın yolunun rejimi və onun funksiyası ən birinci üçtərəfli bəyanata tam uyğun olmalıdır. Rusiya Xarici İşlər naziri Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin açılması təklifinə münasibət bildirərkən belə dedi.

Sergey Lavrov- Rusiyanın xarici işlər naziri: “Laçın dəhlizində istisnasız olaraq mülki və humanitar yüklərin və mülki vətəndaşların hərəkətinin təmin olunması vacibdir. Biz təmaslarımızda, hər şeydən öncə, sülhməramlı kontingentin xətti ilə buna nail olmağa çalışırıq. Orada hansısa nəzarət-buraxılış məntəqələrinin yaradılmasına baxılmır. Lakin dəhlizin təyinatı üzrə fəaliyyət göstərməməsi şübhəsini texniki vasitələrlə aradan qaldırmaq imkanı var.

Ceyhun Bayramov- Xarici işlər naziri: “Azərbaycan tərəfinin mövqeyi məlumdur və qətidir. Biz ilk gündən demişik ki, vəziyyətin gərginləşməsinə qarşıyıq. İlk növbədə isə Qarabağda yaşayan ermənilərin humanitar problemlərlə üzləşməməsi üçün lazımi addımlar atılır”.

Nazir Ceyhun Bayramov Azərbaycanın Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq Ermənistana qarşı dövlətlərarası arbitraj prosesinin başlatmasına da münasibət bildirdi. Ceyhun Bayramov- Xarici işlər naziri: “Bu, Azərbaycanın dövlətlərarası səviyyəyə qaldırdığı yeganə arbitraj və ya məhkəmə prosesi deyil. Bu, bizim Ermənistana qarşı qaldırdığımız yeganə iddia deyil. Bu, iki illik intensiv fəaliyyətdir. Burada Azərbaycanın təbii sərvətlərinin talanmasında bilavasitə iştirak etmiş Ermənistana tələblərin qanuniliyini sübut edən bir çox komponent var. Bəs bu prosesin sülh müqaviləsi layihəsi ilə əlaqəsi varmı? Xeyr, inanırıq ki, bunlar bir-biri ilə əlaqəli olmayan iki yoldur”.

Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin müvafiq üçtərəfli İşçi Qrupun həmsədrləri kimi tezliklə Azərbaycanın əsas əraziləri ilə Naxçıvan arasında dəmir yolu marşrutunun istifadəsinin bərpası ilə bağlı konkret razılıqlar əldə edəcəklərinə ümid ediliyi də bildirildi. İki ölkənin Xarici işlər nazirləri sonra XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” mövzusuna həsr olunan konfransda da iştirak etdilər.