• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1500
— 28.02.2023 10:59

Od çərşənbəsi

KepezTV Player

Bu gün bayram elçilərindən olan od çərşənbəsidir. Boz ay bu çərşənbə ilə ömrünün yarısını  başa vurur. Qədim türk coğrafiyasında çillələrdən sonra gələn bu ay bitincə yeni ilin başlanğıcını, təbiətin oyanacağı günü bizə daha da yaxınlaşdırır.

Çərşənbələrlə bağlı adət-ənənələrin hamısı ona görədir ki, biz həmin anda hər şeyin başlanğıcı olan dörd ünsürün- Suyun, Torpağın, Odun, Havanın yenidən bir-birinə qovuşması, arınması dönəmini yaşayırıq.

Ümumiyyətlə, Novruz çərşənbələrində ən vacib element odla bağlıdır. Burada od, yandırıb-yaxan, istilik verən məfhum kimi yox, müqəddəs, arındırıcı bir varlıq kimi təsvir edilir. “Suyun yumadığını, od təmizlər”, ifadəsi də buradan götürülüb.

Qədim dövrlərdən qızlar bir yerə yığılıb niyyət tutar, fala baxardılar. Bunlardan biri də alma falıdır.

Alma falı: Od çərşənbəsində iki alma seçilir və onlardan birinə nişan qoyulur. Daha sonra həmin nişanı gizlədərək evdəkilərin birinə almalardan hansınısa birini götürməsini və niyyət tutmasını  deyir. Həmin adam əgər nişanlanmış almanı götürərsə, bu, niyyətin doğrulacağına işarə kimi anlaşılır. Burada istifadə olunan alma  mifoloji dünyagörüşdə xoşbəxtlik, uğur bəxş edən rəmzi motivin daşıyıcısıdır.

Novruzla  bərabər elimizin nazlı qızı bahar gəlir obamıza. Gəlişiylə ölkəmizə şənlik, birlik, həmrəylik gətirir. Güllər kimi arzular da çiçək açır, bahar ətirli ilıq nəfəsiylə oyadır təbiəti. İsti nəfəsli müjdəçilərdən olan “od” gəlişi ilə ürəklərə, təbiətə istilik gətirir.

Od çərşənbəsinə qədimdə “Üskü çərşənbə”, “Üskü gecəsi”  “Addı” çərşənbə də deyilib. İnanca görə, odun mövcudluğunu günəşlə, işıqla bağlayırlar.

Tonqaldan başqa, xalq arasında şam yandırmaq ənənəsi də var. Bunlar həm istiliyin əlaməti, həm də Günəşi arzulamaq anlayışı kimi qəbul edilir.

Keçmişdə tonqalı hündür yerdə qalıyardılar. Hər kəs tonqalın ətrafına yığılardı. 

Azərbaycan odlar ölkəsi kimi çox zəngin ənənələrə malikdir. Odla bağlı, xeyli atalar sözləri də yaranıb. “Od yanan yerdən işıq gələr”, “od imandır”, “od, düşdüyü yeri yandırar”, “od hisli olarsa uzaqdan qonaq gələcəyinə işarədir”.

Qarşıdan gələn novruz bayramında, baharın təravəti qəlblərinizə sevinc, əminamanlıq, süfrələrinizə bərəkət gətirsin. Bir də ki, ürəyinizi buz kimi soyuq yox, od kimi isti saxlayın. Od çərşənbəniz mübarək!