Artıq Azərbaycanın ticarət şəbəkələrində və marketlərdə polietilen torbalar ödənişli əsaslarla təqdim edilir. Yəni, adət etdiyimiz kimi, mağazadan məhsul alarkən verilən sellofan torbaları pulla əldə edəcəyik. Özü də, nə az, nə çox - ölçüsündən asılı olaraq 3 və 5 qəpiyə.
Əvvəllər, aldığımız məhsulları yığdığımız bu torbalar ödənişsiz idi. İndi isə elə deyil. Bu hər nə qədər ekologiya ilə əlaqələndirilsə də alıcılar bu mövzuda başqa fikirdədir.
Alıcı: “Hər şeyi pulla satırlar, artıq. Mümkün deyil. Daha sözümüz yoxdur. Ekoloji təmizləyə də xeyiri yoxdur. Mən inanmıram bu, ekologiyanı təmizləyə”.
Alıcı: “Əvvəl pulsuz idi atırdılar, indi də pulla olsa da, atacağıq. Nə fərqi var? Eyni şey deyilmi? Zibili atan, onsuz da belə də atacaq. Sellofanı hara gəldi tullayacaq. Onu götürüb neyləyəcək ki? Harasa atmalıdır”.
Sakinlərin dediyində hardasa reallıq var. Zibilləməmək mədəniyyəti formalaşmayıbsa, sellofanın nə 5, nə 10 qəpikliyi ekoloji amillə bağlı olacaq. Lakin polietilen torbaların ödənişli olması onlardan istifadəni azalda bilər. Bu isə onun ətraf mühiti çirkləndirməsinə təsir göstərə bilər.
Alıcı: “4 sellofan oldu. Cəmisi 15 qəpik etdi. 15 qəpik də puldur, ən azından bir kibritin qiymətidir. Yəqin ki, sonra evdən gələndə torbalar gətirərik”.
Alıcı: “Bu kağız torba nədir ki, bunun da qiymətini artırıblar. İndi gərək hamısını yığam bir torbaya. Yuyucu tozu ayrı qoyacağam, amma bunların hamsını bir yerə”.
Tətbiq olunan yeni qaydadan sonra mağazalarda kimisi aldığı məhsulları özü ilə gətirdiyi torbalara yığır, kimisi ödənişli olan polietilen torbalardan istifadə etməyərək, əlində aparır, kimisi də ərzaq və qeyri-ərzaq məhslu demədən aldıqlarını eyni paketə yerləşdirir.
Lətifə Nağıyeva- satıcı: “Deyirik ki, məsələn, bu sellofanlarımız 5 qəpikdir, bu 3. Daha balaca sellofanlarımız ödənişsizdir. Məsələn; meyvə-tərəvəzə, çərəzə, qastronoma aid olan sellofanlar ödənişsizdir. İstəməyənlər deyirlər ki, əlimdə aparacağam, istəyənlər də 1 dənəsinə hər şeyi doldururlar”.
Səid Nəbiyev- satıcı: “Müştəri yaxınlaşanda biz təklif edirik ki, sellofan pulludur, istiyirsiniz, ya yox. Bəzi müştərilər normal qarşılayır, bəzləri özü ilə sellofan gətirir, bəziləri deyir, maşına qoyub aparacam, eləsi var əsəbi reaksiya verir, eləsi də var normal qarşılayır. Ancaq əsəbləşənlər daha çoxdur”.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da plastik tullantı poroblemi həlli axtarılan aktual problemlərdən biridir. Polietilen torbalar davamlı dayanıqlı üzvi çirkləndiricilərə çevrildiyindən ətraf mühitə olduqca neqativ təsir göstərir.
Elşad Məmmədov- ekoloq: “İstəsək də, istəməsək də biz bu toralardan istifadə etməliyik. Bəzi hallarda bunlardan istifadə zəruri olur. Amma ümumiyyətlə götürsək, bu torbaların insanlar tərəfindən yerli-yersiz, həddən artıq istifadəsi ətraf mühitin çirklənməsinə gətirib çıxarır. Ona görə belə hesab edirəm ki, ətraf mühitin qorunmasına, çirklənmənin azalmasına hesablanan bütün tədbirlər zəruri və məqsədəuyğun hesab edilir”.
Market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan polietilen torbaların pullu olması tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədi daşıyır. Sellofan torbaların ayrıca məhsul növü kimi pulla satılması eləcə də, onların əvəzedicilərindən istifadəni stimullaşdıracaq.
Aişə Rzayeva
- Baxış: 266