• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1646
— 16.02.2023 21:52

Siqaretin azyaşlılara vurduğu zərər

KepezTV Player

Siqaret çəkən insanlar hər siqaretdən sonra öz orqanizmlərinin bir az da qocalmasına və zərər görməsinə səbəb olurlar. Siqaretin orqanizmə vurduğu bir çox zərərlər var. Aparılan araşdırmalar sübut edir ki, ağciyər xəstəliklərinin yaranmasında başlıca amillərdən biri elə siqaretdir. Son illər siqaretçəkmənin aşağı yaşlı şəxslərdə də artması həkimləri narahat edir. 

Siqaret hər yaş qrupu üçün zəzərli olan vərdişdir. Övladlarının yanında siqaret çəkən valideyinlər onlara  pis örnək olmaqla yanaşı, həm də sağlamlıqlarına ziyan vururlar. Tibbdə siqaretin təsirindən zərər görən şəxslər passiv siqaret çəkənlər sayılırlar. Passiv siqaret çəkmək başqasının çəkdiyi siqaretin tüstüsünə məruz qalmaq və bu zaman da zəhərli maddələri udmaqdır.

Yüksəl Hüseynli- həkim: “Evində siqaret çəkilməyən uşaqların nisbətən daha gec siqaret çəkməsinə baxmayaraq, ailəsində davamlı siqaret çəkənlər, siqaretlə kontakta olan uşaqlar, təəssüf ki, 10-12 yaşdan siqaret çəkməyə başlayırlar. Valideyin nəzarətindən, himayəsindən kənarda qalan uşaqlar daha erkən siqaret çəkməyə başlayırlar. Uşaqların tənəffüs yolu, orqanizmi, bədən quruluşu böyüklərdən tamamilə fərqlidr. Tənəffüs yolları daha həssasdır, daha çox infeksiyalara meyllidirlər. Siqaretin tərkibində olan zərərli maddələr tənəffüs yollarımızın selikli qişasını zədələyir. Virusa, bakteriyaya yoluxmanı artırır və daha tez- tez xəstələnməyə səbəb olur”.

Siqaret tüstüsündə təxminən 4000-ə qədər kimyəvi maddə var ki, onların da 50-yə qədərinin xərçəng xəstəliyi törətməsi sübuta yetirilib. Uşağınız bu və ya digər səbəbdən passiv siqaret çəkənə çevrilirsə, eyni kimyəvi maddələrin təsirinə məruz qalır.

Mütəxəssislər deyir ki, azyaşlı uşaqların yanında siqaret çəkərək valideyinlər ilk olaraq özləri bu vərdişi onlara təlqin edirlər. Ciddi xəstəliklərin baş qaldırmasına səbəb olan passiv  siqaretçəkmə xüsusən balaca yaşlı uşaqlar üçün daha zərərlidir. 

Elvira Qapaqova- həkim: “Xüsusən qeyd etmək istəyirəm ki, 5 yaşa qədər olan uşaqların ağciyərlərinin formalaşmasını davam etdirdiyi dönəmdir. Bu zaman onlar passiv siqaretçəkmə zamanı dolayı yolla da olsa siqaret çəkmiş hesab olunurlar. Və bunun nəticəsində nə baş verir? Ağciyərləri formalaşdıran bronx yollarda sklerozlaşma gedir və orda uşaqlarda təkrarlanan bronxitlər yaranır, gələcəkdə də astmanın yaranmasına səbəb ola bilir. Təəssüf hissi ilə bildirirəm ki, günü-gündən passiv siqaret çəkmə fəsadı ilə rastlaşdığımız uşaqların sayı artır. Əziz valideynlər, əziz böyüklər, uşaqların yanında siqaret çəkməyin!”

Azərbaycanda siqaretin 18 yaşına çatmayanlara satılması qadağandır. Həmçinin tədris, tərbiyə, səhiyyə, mədəniyyət obyektləri yaxınlığında, uşaq və yeniyetmələr üçün malların satıldığı yerlərdə siqaret satışı yolverilməzdir.

Aişə Rzayeva