• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1453
— 01.02.2023 11:33

Yas və toy mərasimləri: ölümü və evlənməyi bahalı edən səbəblər

KepezTV Player

Son zamanlar cəmiyyətimizdə yas və toy mərasimləri zamanı həddindən artıq ifrata və israfçılığa yol verilir. Xüsusi ilə yas mərasimlərimizdə bu hal daha çox özünü göstərir. Hüzn sahibi yaxınını itirməsi ilə bərabər, başsağılığı verməyə gələnlərin “xəcalətindən” çıxmağın qayğısı ilə yüklənir. Bəzi hallarda isə vəfat edən şəxsin ailəsi özünü əziyyətə salıb, maddi və mənəvi təhlükəyə ataraq, süfrəyə növbənöv təamlar, meyvələr, şirniyyatlar düzüb, özünü kimlərəsə göstərmək xatirinə borcla məclis təşkil edir. Halbuki, bütün bu təmtərağa heç də ehtiyac yoxdur! Qəbirüstünün hazırlanmasında da ifrat dəbdəbə və təkəbbür nümayişi heç də digərlərindən geri qalmır.

Toylarımızın özüməxsus gözəllikləri, zəngin ənənələri, mənəvi keyfiyyətlərindən biri də süfrədir. Süfrələrin üstündə lap nağıllarda deyildiyi kimi "quş südü, can dərmanı"  hər şey var. Hər kəs bir-birinin bəhsinə girib daha "ağır" stol açmaq istəyir. Amma artıq mərasimlərimizdəki bu israfçılıqla mübarizə aparmağın vaxtı gəlib çatıb. Düzdür, bu gün hamımız toylara gedirik və ordakı israfçılıqdan, bayağılıqdan narazı halda qayıdırıq. Hamı nə isə yeniliyə ehtiyac olduğunu deyir.

Bunun üçün yas və toy mərasimlərinin təşkili məsələsində insanların təfəkkürü dəyişməlidir.  Həmçinin həyatımızı özümüz üçün yaşamalı, başqalarının  nə fikirləşəcəyinə önəm verməməliyik.

Aydındır ki, toy və yas mərasimlərindəki dəbdəbə  xalqımızın mentaliteti, şöhrətpərəstliyi ilə bağlıdır. Bəs bu halın qarşısını kim almalıdır, ilk addımı kim atacaq?